MDU-da “Bank sistemi və elektron bankçılıq” mövzusunda təlim keçirilib

2024-cü ilin 29 mayında Mingəçevir Dövlət Universiteti (MDU) və Beynəlxalq Konsaltinq Şirkətinin (İnternational Consulting Company) birgə təşkilatçılığı ilə “Təhsilə və karyera inkişafına dəstək” layihəsi çərçivəsində “Bank sistemi və elektron bankçılıq” adlı maarifləndirici təlim keçirilib.

Bank sisteminin əsaslarını və müasir elektron bankçılıq xidmətlərini öyrətmək məqsədi ilə təşkil olunmuş tədbirdə MDU-nun akademik heyət üzvləri, tələbə və magistrantlar iştirak edib.

MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov  açılış nitqi ilə çıxış edərək tədbirin mövzusunun aktuallığına diqqət çəkib, mahiyyəti haqqında məlumat verib. Professor maliyyə və bank ixtisasları üzrə təhsil alan gənclərin gələcək karyera seçimləri, həmçinin nəzəri biliklərinin gücləndirilməsi baxımından belə görüşlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra təlimçi Ramin Bayramov bank savadlılığının artırılması istiqamətində maarifləndirici çıxış edib. O, bankların funksiyaları, növləri, rolu və bank sisteminin tənzimlənməsi, internet bankçılıq, mobil bankçılıq, rəqəmsal ödəmə sistemləri və onlayn təhlükəsizlik məsələləri, banklarda risk idarəetmə prosesləri və risklərin minimallaşdırılması barədə geniş nəzəri biliklər verib.

Sonda mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb.