Azərbaycan Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Bir saat, min düşüncə” layihəsi çərçivəsində Mingəçevir Dövlət Universitetində növbəti maarifləndirici görüş təşkil olunub. Layihənin müəllifi Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Kərimovdur.
Universitetdə keçirilən görüşdə layihə iştirakçıları qazi Aygün Tahirova ilə bir araya gəliblər. Tədbirdə Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının əməkdaşları Aydın Kərimov, İlhamə İsmayılova, Şəbnəm İslamova və Aynur Quliyeva iştirak ediblər.
Görüş zamanı qazinin keçdiyi şərəfli döyüş yolu, həyat hekayəsi və Vətənə xidmət nümunəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. İştirakçılar Aygün Tahirovanın Birinci Qarabağ müharibəsi dövründə göstərdiyi şücaət və fədakarlıq barədə məlumat əldə ediblər.
Bildirilib ki, Aygün Tahirova 10 dekabr 1964-cü ildə Mingəçevir şəhərində anadan olub. O, Mingəçevir şəhər 13 nömrəli məktəbin məzunudur və tarix ixtisası üzrə ali təhsil alıb. Birinci Qarabağ müharibəsi zamanı Tərtər istiqamətində — Aşağı Çaylaq, Yuxarı Çaylaq, Həsənqaya və Livanarx ərazilərində gedən döyüşlərdə iştirak edib. 1992-ci il 30 noyabr tarixində Ağdərə istiqamətində, Drambon yolu üzərində baş verən döyüş zamanı ağır yaralanıb.
Görüş səmimi və qürurverici mühitdə keçib. Qazi Aygün Tahirova çıxışı zamanı Azərbaycan dövləti və ictimaiyyət tərəfindən qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Tədbirdə qeyd olunub ki, belə görüşlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların milli dəyərlərə bağlılığının gücləndirilməsi və vətəndaşlıq mövqeyinin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Bir saat, min düşüncə” layihəsi çərçivəsində gənclərin maarifləndirilməsi və vətənpərvərlik dəyərlərinin təşviqi məqsədilə bu kimi görüşlərin davam etdirilməsi nəzərdə tutulur.