Mingəçevir Dövlət Universiteti və “Caucasus Geo Survey” arasında dayanıqlı inkişaf hədəflərinə xidmət edən əməkdaşlıq memorandumu imzalanıb

Mingəçevir Dövlət Universiteti ilə “Caucasus Geo Survey” şirkəti arasında elm, təhsil, innovasiya və müasir texnologiyaların tətbiqi sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair Əməkdaşlıq Memorandumu imzalanıb. İmzalanan sənəd tərəflər arasında qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi, birgə layihələrin təşviqi və tələbələrin praktiki bilik və bacarıqlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Memorandumun əsas məqsədi coğrafi informasiya sistemləri (CİS), məsafədən zondlama texnologiyaları, ekoloji monitorinq, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı və digər əlaqəli istiqamətlər üzrə birgə fəaliyyətin təşkili, elmi-tədqiqat əməkdaşlığının inkişaf etdirilməsi və tələbələrin praktik hazırlığına dəstək verməkdən ibarətdir.

Sənədə əsasən, tərəflər CİS və məsafədən zondlama sahəsində birgə elmi-tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi, MDU tələbələrinin istehsalat və təcrübə proqramlarında iştirakının təşkili, seminar, konfrans, forum, təlim və ustad dərslərinin keçirilməsi, ekologiya, hidrologiya, kənd təsərrüfatı və torpaq resurslarının tədqiqi ilə bağlı ortaq təşəbbüslərin reallaşdırılması istiqamətlərində əməkdaşlıq etməyi nəzərdə tuturlar.

Eyni zamanda, memorandum çərçivəsində MDU-da Coğrafi İnformasiya Sistemləri və Məkan Analizi üzrə birgə laboratoriyanın yaradılması, Mingəçevir və ətraf bölgələr üzrə rəqəmsal məkan məlumatları və xəritə bazasının formalaşdırılması, infrastruktur, su ehtiyatları, torpaq resursları və ekoloji göstəricilər üzrə məlumatların toplanması və analizi istiqamətində regional layihələrin həyata keçirilməsi imkanları da nəzərdə tutulub.

Əməkdaşlıq sənədi universitet–sənaye tərəfdaşlığının gücləndirilməsi, müasir texnologiyaların ali təhsil mühitinə inteqrasiyası, tələbə və gənc tədqiqatçıların praktik bacarıqlarının inkişaf etdirilməsi, eləcə də regionun sosial-iqtisadi inkişafına töhfə verə biləcək innovativ həllərin təşviqi baxımından xüsusi önəm daşıyır.

Memorandumda birgə elmi məqalələrin, tədqiqat işlərinin və analitik hesabatların hazırlanması, müasir texnologiyalar üzrə təcrübə mübadiləsinin təşkili, eləcə də universitetin akademik potensialı ilə şirkətin praktiki təcrübəsinin əlaqələndirilməsi kimi mühüm istiqamətlər əksini tapıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin hazırlanması və innovasiya yönümlü təşəbbüslərin dəstəklənməsi istiqamətində tərəfdaşlarla birgə fəaliyyətini bundan sonra da uğurla davam etdirəcək.