2026-cı ilin 18 may tarixində Mingəçevir Dövlət Universiteti və Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirlər silsiləsi çərçivəsində “Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər” (Contemporary Issues in Language, Education, Research, and Sustainability) mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.
Konfransın açılış mərasimi Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə Milli Məclisin deputatları, Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı, Mingəçevir Bələdiyyəsi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, eləcə də nüfuzlu elm və təhsil qurumlarının təmsilçiləri iştirak ediblər. Qonaqlar sırasında Afət Abbasova, Birol Akgün, Ufuk Turqaner, Recep Öztop, Hayrettin Özçelik, Mahirə Hüseynova, eləcə də müxtəlif ölkələrdən alim və tədqiqatçılar yer alıblar. Ümumilikdə, 23 ölkəni təmsil edən ali təhsil və tədqiqat institutlarının nümayəndələri, dilçi alimlər, müəllimlər, media təmsilçiləri və tələbələr tədbirə qatılıb.
Tədbir öncəsi Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dərin ehtiram nümayiş etdirilib.
Daha sonra “Dil sərhəd tanımır” adlı kitab sərgisinə baxış keçirilib. Sərgidə Mingəçevir Dövlət Universitetinin alimlərinin, ölkənin müxtəlif elmi mərkəzlərinin və nəşriyyatların dilçilik sahəsində çap olunmuş elmi əsərləri, monoqrafiyalar və tədris vəsaitləri nümayiş etdirilib. Sərgi iştirakçılara müasir dilçilik tədqiqatlarının istiqamətləri, metodoloji yanaşmaları və elmi yenilikləri ilə yaxından tanış olmaq imkanı yaradıb.
Konfrans Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardından Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan olunub.
Açılış nitqi ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dil, təhsil və tədqiqat sahələrinin qarşılıqlı əlaqəsi müasir dövrdə bilik cəmiyyətinin formalaşmasında əsas dayaqlardan biridir. O, konfransın beynəlxalq miqyasını xüsusi qeyd edərək bildirib ki, 23 ölkədən 77 ali təhsil və tədqiqat institutunu təmsil edən alimlər tərəfindən ümumilikdə 545-dən çox məqalə və tezis təqdim olunub. Bu göstərici elmi əməkdaşlığın genişlənməsi, bilik mübadiləsinin gücləndirilməsi və yeni akademik platformaların formalaşması baxımından mühüm nəticə kimi dəyərləndirilib.
Rektor çıxışında konfransın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmasının simvolik və elmi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, tədbirin ilk panelinin professor Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunması onun Azərbaycan dilçilik elminə verdiyi töhfələrin yüksək qiymətləndirilməsi kimi təqdim olunduğunu diqqətə çatdıran rektor konfransın işinə uğurlar arzulayıb.
Azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova çıxışında dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, mədəni identikliyin və tarixi varisliyin əsas daşıyıcısı olduğunu vurğulayıb. O qeyd edib ki, müasir qloballaşma şəraitində dillərarası inteqrasiya prosesləri sürətlənsə də, hər bir xalqın ana dili onun milli varlığının əsas sütunlarından biri olaraq qalır və bu istiqamətdə aparılan elmi tədqiqatlar strateji əhəmiyyət daşıyır.
Mahirə Hüseynova bildirib ki, dilçilik elmi bu gün yalnız nəzəri çərçivələrlə məhdudlaşmır, eyni zamanda təhsil siyasəti, sosial kommunikasiya, rəqəmsal texnologiyalar və multikultural mühit kontekstində yeni tədqiqat istiqamətləri formalaşdırır. Bu baxımdan, belə beynəlxalq platformalar müxtəlif elmi məktəblər arasında dialoqun qurulmasına, ortaq terminoloji və metodoloji yanaşmaların formalaşdırılmasına və xüsusilə gənc tədqiqatçıların elmi mühitə inteqrasiyasına mühüm töhfə verir. O, çıxışında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunmasının yalnız tarixi hadisə deyil, həm də müasir türkoloji tədqiqatların inkişafına yeni baxış bucağı gətirdiyini vurğulayıb.
Çıxışının sonunda Mahirə Hüseynova belə mötəbər beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirərək, bu cür təşəbbüslərin gələcəkdə daha geniş miqyas alacağına və türk dünyasında elmi əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Mahirə Hüseynovanın çıxışından sonra Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Fəxri Professoru diplomu və “Şərəf Ordeni” təqdim olunub. Təltif mərasimində qeyd edilib ki, Anar Eminovun elm və təhsil sahəsində fəaliyyəti, beynəlxalq akademik əməkdaşlığın inkişafına verdiyi töhfələr yüksək qiymətləndirilir.
Türkiyə Cümhuriyyətinin Baş konsulu Recep Öztop çıxışında Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın ortaq tarixi, dil və mədəni köklərə əsaslandığını bildirib. O qeyd edib ki, bu kimi beynəlxalq konfranslar yalnız akademik mübadilə platforması deyil, eyni zamanda iki qardaş ölkə arasında strateji tərəfdaşlığın humanitar ölçüdə daha da dərinləşməsinə xidmət edir. Baş konsul dil faktorunun türk dünyasının inteqrasiyasında birləşdirici rol oynadığını vurğulayaraq, ortaq elmi layihələrin və akademik mobilliyin artırılmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxışında müasir dövrdə elmi biliklərin qorunması, sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılmasında kitabxanaların rolunu xüsusi vurğulayıb. O, bildirib ki, rəqəmsallaşma şəraitində kitabxanalar artıq yalnız informasiya mənbəyi deyil, həm də elmi kommunikasiya mərkəzləri kimi çıxış edir. Afət Abbasova konfransın mövzusunun məhz bu baxımdan aktual olduğunu qeyd edərək, dil, təhsil və tədqiqat sahələrinin inteqrasiyasının bilik iqtisadiyyatının inkişafında mühüm rol oynadığını bildirib.
Milli Məclisin deputatı, “Elm və təhsil” və “Mədəniyyət” komitələrinin üzvü Elnarə Akimova çıxışında dilin mədəniyyətin əsas komponentlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, ədəbiyyat, dil və milli identiklik bir-biri ilə sıx bağlı anlayışlardır və bu sahələrdə aparılan elmi tədqiqatlar cəmiyyətin mənəvi inkişafına birbaşa təsir göstərir. Elnarə Akimova müasir dövrdə mədəni irsin qorunması və yeni nəsillərə ötürülməsində dilin roluna xüsusi diqqət çəkib.
“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan çıxışında ədəbi dilin inkişaf mərhələlərindən bəhs edərək qeyd edib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də bədii düşüncənin ifadə formasıdır. O vurğulayıb ki, müasir ədəbi proseslərdə dilin saflığının qorunması, eyni zamanda onun inkişafına açıq olması vacib balans məsələsidir. Azər Turan konfransın bu baxımdan ədəbi mühit üçün də əhəmiyyətli olduğunu qeyd edib.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova çıxışında təhsil ictimaiyyətinin bu kimi təşəbbüslərdə fəal iştirakının vacibliyini vurğulayıb. O bildirib ki, akademik mühitlə ictimai sektor arasında əməkdaşlığın gücləndirilməsi təhsilin keyfiyyətinin artırılmasına və innovativ yanaşmaların tətbiqinə şərait yaradır. Günay Əkbərova bu konfransın müxtəlif tərəflər arasında dialoq platforması kimi çıxış etdiyini qeyd edib.
Türkiyə Cumhuriyyətinin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetindən Dr. Murat Ata öz çıxışında elm və təhsil sahəsində beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, müasir elmi mühitdə ortaq tədqiqat layihələri, birgə nəşrlər və akademik mübadilə proqramları xüsusi əhəmiyyət kəsb edir. Murat Ata türk dünyasında elmi inteqrasiyanın gücləndirilməsi üçün bu cür platformaların davamlı xarakter almasının vacibliyini diqqətə çatdırıb və konfransın bu istiqamətdə mühüm addım olduğunu bildirib.
Açılış nitqlərindən sonra beynəlxalq konfransın təşkilinə və elmi əməkdaşlığın inkişafına verdikləri töhfələrə görə bir qrup iştirakçı və əməkdaş təltif olunub.
Tədbir bədii hissə ilə davam edib. Proqram çərçivəsində vətənpərvərlik və türkçülük ruhunda musiqilər səsləndirilib, milli rəqs kompozisiyaları nümayiş etdirilib.
Konfransın növbəti mərhələsində Mingəçevir Dövlət Dram Teatrında universitetin Ömürboyu Təhsil Məktəbinin Beynəlxalq Dil Mərkəzi və Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə tələbələrin ifasında “Səhnələşən klassika” adlı səhnəcik təqdim olunacaq.
Beynəlxalq Elmi Konfrans 19 may tarixində panel müzakirələri, paralel sessiyalar, bölmə iclasları, akademik vorkşoplar və elmi-praktik forumla öz işini davam etdirəcək.
Qeyd edək ki, “Dil, təhsil və tədqiqat sahəsində müasir problemlər” mövzusunda keçirilən bu beynəlxalq konfrans yalnız elmi müzakirə platforması olmaqla kifayətlənmir, eyni zamanda bilik mübadiləsinin genişlənməsinə, inklüziv və keyfiyyətli təhsilin təşviqinə, eləcə də davamlı elmi əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən mühüm təşəbbüs kimi çıxış edir.