17 sentyabr 2024-cü ildə Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29-Azərbaycan” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun professor-müəllim heyəti və tələbələr iştirak edib.
Tədbiri giriş nitqi ilə açan MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova ölkəmizdə cari ilin noyabr ayında keçiriləcək, BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası – COP29 çərçivəsində görülən və görüləcək işlər haqqında məlumat verib. Bildirib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərin Konfransı – COP Konvensiyasının ali qərar qəbul edən orqanıdır. Hər il dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri COP-da toplaşaraq iqlim dəyişikliklərinin qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar qərarın verilməsi Beynəlxalq İctimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etibarın, eləcə də dövlətimizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin bariz nümunəsidir.
T.Yusibova çıxışında İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin güclənməsi məqsədilə Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına diqqət çəkib. Qeyd edib ki, bununla əlaqədar olaraq hazırlanmış fəaliyyət planına əsasən Fizika və ekologiya kafedrasında müəyyən işlər görlüüb. Belə ki, ötən tədris ilinin ikinci semestrindən başlayaraq çoxsayda elmi-praktik seminarlar, dəyirmi masalar, mühazirələr keçirilib, açıq dərslər, intellektual müsabiqələr, sərgilər, tələbələrin iştirakı ilə ağacəkmə aksiyaları təşkil olunub, COP29 ilə bağlı posterlər və videoçarxlar hazırlanıb. Həmçinin tələbələrin dövlət təbiət qoruqlarına səfərləri təşkil olunub. Kafedra müdiri onu da bildirib ki, bu fəaliyyət planı yeni tədris ilində də uğurla davam etdiriləcək.
Tədbirdə iştirak edən MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev və Dayanıqlı İnkişaf və Regional İnnovasiyalar Tədqiqat Mərkəzinin müdiri Asim Məmmədov ilk olaraq yeni tədris ilinin başlanması münasibətilə kollektivi və tələbələri təbrik ediblər. Seminarın mövzusu ilə bağlı fikirlərini bölüşən əməkdaşlar COP29-un məqsəd və vəzifələrindən, iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərin birləşməsindən və bu konfransın əhəmiyyətindən bəhs ediblər.
Açılış nitqlərindən sonra COP29-la bağlı videoçarx nümayiş etdirilib və seminarın proqramına uyğun olaraq çıxışlar dinlənilib.
Fizika və ekologiya kafedrasının müəlimləri Aysel Bayramova “COP29-un Azərbaycan üçün siyasi, iqtisadi və ekoloji əhəmiyyəti”, Natəvan Vəliyeva “İqlim dəyişmələri və insan inkişafı”, Gülmirə Məmmədova “Təbii sərvətlərin dayanıqlı idarə olunması” və Şəbnəm İslamova “Planetimizin çətiri – Ozon təbəqəsi” adlı mövzularda məruzələrlə çıxışlar ediblər.
Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, sonda suallar cavablandırılıb.
Qeyd edək ki, MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müxtəlif tədbirlər keçirilir.