MDU-da elmi-praktik seminar: “COP29-Yaşıl dünya” 

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “COP29-Yaşıl dünya”  mövzusunda elmi-praktik seminar keçirilib. İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində baş tutan seminarda 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RETSİ) əməkdaşları, MDU-nun Mühəndislik fakültəsinin professor-müəllim heyəti üzvləri iştirak edib.

Seminarın açılış nitqində çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova və Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev COP29-un məqsəd və vəzifələrindən, iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərin birləşməsindən və bu konfransın əhəmiyyətindən bəhs ediblər. Onlar həmçinin, “Yaşıl dünya naminə həmrəylik” ilinin əhəmiyyətini vurğulayıb, iqlim dəyişikliyi, karbon emissiyaları və onların azaldılması üzrə qlobal tədbirlərin yerli və regional səviyyədə tətbiqi yollarını müzakirə ediblər. Hər iki çıxışda, MDU-nun bu sahədə həyata keçirdiyi tədqiqat və innovativ layihələr təqdim olunub və ətraf mühitin qorunması istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Açılış nitqlərindən sonra COP29-la bağlı videoçarx nümayiş etdirilib və seminarın proqramına uyğun olaraq çıxışlar dinlənilib.

8 saylı RETSİ-nin Ətraf mühitdən istifadənin tənzimlənməsi və ekoloji maarifləndirmə sektorunun aparıcı məsləhətçisi Məbud Nəsibov “Dünya bizim evimizdir:Yaşıl dünya naminə həmrəy olaq!”, həmin sektorun məsləhətçisi Ülkər Paşayeva “Ətraf mühitin çirklənməsi və onun qarşısının alınması tədbirləri”, MDU-nun müəllimlərindən Gülmirə Məmmədova “Azərbaycanın COP29  sədirliyinin ictimai-siyasi  və sosial tərəfləri” və Aysel Bayramova “COP-29: Dünya və ölkəmiz üçün gözləntilər” mövzularında məruzələrlə çıxışlar ediblər.

Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində müxtəlif tədbirlər keçirilir.