“Ədəbiyyat” qəzetinin 11.10.2021-ci il buraxılışında MDU əməkdaşının məqaləsi dərc olunub

TURANDOT – TURAN QIZI – TÜRK QIZI

 “Ədəbiyyat” qəzeti, 11.10.2021-ci il

Giriş əvəzi

Nizamişünas alimlər və Qərb ədəbiyyatının tanınmış tədqiqatçıları hələ kecən əsrin 40-cı illərində sübut etmişlər ki, fransız dramaturqu Alen Röne Lesajın (1668-1747) “Çin şahzadəsi”, italyan yazıçısı, dramaturq, nağıl pyeslərin müəllifi Karlo Qotsinin (1720-1806) “Turandot”, alman şairi, filosof, tarixçi və dramaturq Fridrix Şillerin (1759-1805) “Turandot – Çin şahzadəsi” əsərlərinin süjeti dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı dördüncü hekayəyə – slavyan qızının hekayəsinə tam uyğun gəlir.

“Turandot – Çin şahzadəsi”

Fridrix Şillerin “Turandot – Çin şahzadəsi” (1801) əsəri öz bədii keyfiyyətlərinə, hadisələrin gərginliyinə, qəhrəmanların yüksək nitq mədəniyyətinə, personajların bitkinliyinə görə həm Alen Röne Lesajın “Cin şahzadəsi” (1729), həm də Karlo Qotsinin “Turandot” (1762) əsərindən xeyli üstündür.

Şillerin qadın qəhrəmanı Turandot xasiyyətinə görə Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı dördüncü hekayənin (slavyan qızının hekayəsi) qəhrəmanına daha yaxındır…

Şillerin “Turandot – Çin şahzadəsi” pyesindəki şəxs adlarının araşdırılması maraqlı faktlar verir. Əsərdəki antroponimlərin (şəxs adlarının) tərkibi mənşə və dil mənsubiyyətinə görə qarışıq olsa da, əksəriyyəti türk dillərinə məxsus olan şəxs adlarıdır.

Turandot: Çin Xaqanının qızı.

Turandot sözü iki hıssədən ibarətdir: Turan və Dokht (farsca qız). Bu söz alman dilində Tochter (qız, övlad mənasında), ingilis dilinə Daughter variantında işlənir.

Turan sözü türk mənşəlidir: Tur – çoxalan, törəyən, var olan deməkdir. Tur sözü Türk mənasında da işlənir. Tur (türk); + an, ən (cəmlik bildirən şəkilçi). Turan = türklər. Turandot – Türklərin gızı, Türk qızı.

Turan sözünün 1) Duran, yaşayan; 2) Türklərlə məskun ölkələr (4, s.492) mənaları da qeyd olunur: Turandot – Turan qızı.

Turandot – Türklərin qızı, Türk qızı, Turan qızı deməkdir.

Bəs, ilk baxışdan “rəhmsiz”, “amansız” görünən, inadından dönməyən, atasının “vicdansız övlad”, “zalım qızım” dediyi Turandot əslində necədir?

Şiller türk qızını onun öz sözləri ilə oxucuya, tamaşaçıya belə tanıdır:

“Mənə rəhmsizdir, qəddardır deyən dillər yalan deyir. Qəddar deyiləm. Azad yaşamaqdır məqsədim.

Nə adla başqasının malı olum? Azad yaşamaq haqqımdır. Xan qızı kimi haqqıma sahib çıxıram. Hüquqsuz olmaq istəmirəm.

Asiyada gördüyüm bütün qadınlar kölə kimi təhqir olunur. Əzilmiş həmcinslərimin heyifini almaq istəyirəm beləcə.

Azadlığımı qorumaq üçün yeganə silahım təbiətin bəxş etdiyi ağlım və zəkamdır.

Heç kimə yaxınlıq etmirəm. Gördükləri hər gözəlliyə acgözlüklə əllərini uzadırlar. Ağlına düşənə sahib olmaq istəyirlər kişilər.

Bütün kişilər etibarsızdır, bilirəm. Özlərindən başqa heç kəsi sevməzlər. Qədir-qiymət bilməz bu kişilər.

İstədiyini əldə etmək üçün əvvəlcə qul, kölə olurlar önündə. Sahib oldularmı, zalımlaşırlar, zülmkar olurlar. Yalançı qürurlarını, ehtiraslarını eşq-məhəbbət adlandırırlar. Bu duyğulardır onları ölüm oyununa çağıran.

Əsl eşq və sədaqət təkcə qadınlarda olur. Bir kişinin qollarına girməkdənsə, qəbirə girməyi üstün tuturam.

…Özünü qorumaq üçün Turandot onu istəyənlərə üç tapmaca verir, bilənlə evlənəcək, bilməyənin boynu vurulub, başı şəhərin qala qapısından asılacaqdır.

…Turandot Türk qızıdır. Türk qızı gözəllik deməkdir, sevgi deməkdir. Mələkdir, pəridir türklərin qızı. Lazım gələndə, ömrünü eşqinə qurban edər Türk qızları.

Türk olmaq qətiyyətli olmaq deməkdir. Türk olmaq qürurlu olmaq deməkdir. O, keçmişi ilə qürurludur, atası-babası ilə qürurludur.

Turandot qadın haqsızlığı qarşısında dəmir pərdədir.

Türk qızı bilir ki, ağlın çırağı elmdir, dərin bilikdir. “İnsana arxadır onun kamalı… (Nizami)”.

Turandotun sevdiyi oğlan əsl-nəcabətli, əqli cəhətdən zəngin, mənəviyyatca saf və təmiz, fiziki cəhətdən sağlam və möhkəm olmalıdır (“Yeddi gözəl”in dördüncü hekayətində olduğu kimi).

Eşq Turandotu kamilliyə aparır…

Heç kimə təslim olmayan Turandot – Turan qızı – qürurlu Türk qızı sevgiyə təslim olur. Xələfə eşqini gizlətmir. “Məğlub olan mənəm”, – deyir.

Süjet qaranlıqdan işığa, qaradan ağa, zülmdən ədalətə doğru inkişaf edir.

Altun: Əfsanəvi Çin Xaqanı (Turandotun atası).

Bu ad Gotsidə, Şillerdə italyan və alman dilinin fonetikasına uyğun olaraq üçhecalı Altoum Aito-um kimi deyilir. Qədim türk adıdır: Alton/Altun, Altın sözündəki Al (qızıl) + ton, yəni al donlu; qızıl; görünüşü qızıl olan mənalarını verir.

Kalaf: Həştərxan şahzadəsi.

Alman, fransız, italyan dillərininn tələffüzünə uyğun olaraq müxtəlif variantlarda yazılır və oxunur: Khalaf, Kalaf, Calaf və s.

Əslində isə bu, ərəb mənşəli Xələf sözüdür: 1) əvəz, davamçı; 2) varis; 3) övlad; 4) nəsil; 5) sonra gələn deməkdir.

Xələf pyesin əsas kişi qəhrəmanıdır. Əsərdə ən çox sevilən surətdır Xələf. O, Həştərxan xanı Teymurun oğludur, əsl-nəcabətlidir. Həyatın hər üzünü görüb; həm şahzadə kimi xoş günləri olub, həm də ağır günlər, çətinliklər yaşayıb. Düşmənləri ilə döyüşdə qorxusuz savaşıb. Əyilməyib, sınmayıb…

Turandotun şəklini görən sürgün Həştərxan xanının oğlu Xələf gözlərini şəkildən ayıra bilmir. “Bu heyranedici gözlərdə, bu saf gözəllikdə qətiyyən qəddarlıq ola bilməz. Göydən enmiş mələkdir bu. Eşq tanrısından alıb baxışlarını. Bu bir pəridir.

Ya Turandot, ya ölüm”.

Əsl türk oğludur Xələf. Öz sevgisi ilə, alicənablığı ilə. Lazım olanda, güzəştə getmək bacarığı ilə.

Sevdiyi qadını başının tacı edir Xələf.

Timur: Sürgün olunmuş Həştərxan xanı (Xələfin atası).

Temir-Temür-Timur türk mənşəli sözdür – 1) dəmir; 2) (məcazı) dəmir kimi möhkəm, bərk (sağlam) mənalarını verir. Bu antroponimin semantikasında igidlik, qüvvətlilik, dözümlülük kimi keyfiyyətlər var.

Almaz: (Tamaşada yalnız adı çəkilir). Xələfin anası.

Volqa tatarlarının dilində Almaz, İlmaz, İlmas kimi variantları olan Almaz adına rast gəlirik. Almaz, İlmaz, İlmas “toxunmayacaq, almayacaq” mənalarında işlənir. Bu ad şər qüvvələrin yeni doğulmuş körpəni üstələməməsi, şər qüvvələrin toxunmaması, şər qüvvələrin almaması üçün uşağa qoyulur. Kazan Türklərində uşağa pis, bəd, yaman güclər, ağrılar toxunmasın deyə, bu ad verilir.

Adelma: Tatar şahzadəsi (Xorasan xanının qızı), Turandotun qulluqçusu.    

Adelma ərəb mənşəli Adilə qadın adıdır. Sözün kökü Adil ədalətli, insaflı, düz iş görən deməkdir.

Zelima: Turandotun başqa qulluqçusu.

Zelima ərəb mənşəli Səlimə qadın adıdır. Sözün kökü Səlim: 1) sağlam; 2) eyibsiz, nöqsansız, doğru, dürüst deməkdir.

Şirin: Səlimənin anası.

Şirin fars mənşəli sözdür. Sözün kökü şir (süd kimi dadlı). Məna genişlənməsi ilə Şirin – şirin, sevimli, dadlı, gözəl deməkdir. Bu ada qədim dövr türk antroponimik sistemində rast gəlinir.

Barak: Şirinin əri, Xələfin keçmiş dayəsi. Gənc şahzadənin yaxın dostu (Çində adını dəyişib – Həsən qoyub).

Barak türk mənşəli sözdür. Müxtəlif mənalarda işlənib: Barak – 1. Türk mifologiyasında müqəddəs köpək; 2. Tüklü, qıllı çuxa; 3. Evsiz, yurdsuz.

Barak ona olan yaxşılığı da, pisliyi də yaddan çıxarmaz. Öz canını sahibi üçün təhlükəyə ata bilər və nə olur-olsun, sahibini çətin anda tərk etməz. Barak hər zaman Xələfə sadiqdir. Pekində evsiz-eşiksiz, yurdsuzdur Barak. Həsən (gözəl, göyçək) ərəb mənşəli sözdür.

İsmayıl: Səmərqənd şahzadəsinin yavəri.

İbrahim peyğəmbərin Həcərdən doğulan oğlunun adıdır. İsmayıl sözünün ilk dəfə qədim yəhudi dilində (Allah eşidir) işləndiyi deyilir.

Fridrix Şiller dahi Nizaminin “Yeddi gözəl” poemasındakı dördünci hekayənin məzmununu düzgün başa düşmüş, türk qızının azadlıq istəyini, onun qadın haqsızlığına qarşı mübarizəsini ustalıqla göstərmiş, Turandotun ilahi gözəlliyini, məğrurluğunu, əyilməzliyini, ağlını və zəkasını yüksək qiymətləndirmişdir.

Turandot dünyanı gəzir

Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı dördüncü hekayənin süjetləri əsasında Avropada 8-ə yaxın opera bəstələnib. “Yeddi gözəl” mövzusunda ən məşhur opera Cakoma Puççininin (1858-1924) “Turandot” operasıdır. Librettonun müəllifləri Karlo Qotsinin “Turandot” pyesinə istinad etmişlər. Operanın premyerası 25 aprel 1926-ci ildə (Cakoma Puççininin ölümündən 2 il sonra) İtaliyanın Milan şəhərində La-Skala Opera Teatrında keçirilib.

…”Turandot” bu gün də repertuardan düşmür. Cakoma Puççininin operası dünyanın ən məşhur teatr səhnələrini bəzəyir.

…Turandot dünyanı gəzir. Moskvada, Vaxtanqov adına teatrın qarşısında (Arbatda) bir fəvvarə-abidə var. Qızılı paltarlı Şahzadə Turandot qızılı taxtında əyləşib. (Abidə heykəltəraş Aleksandr Burqanov tərəfindən qoyulub). Fəvvarəyə salınan rəngbərəng işıqlar Turandotu axşamlar daha gözəl edir.

1904-cü ildə alman astronomu Maks Volf (Haydelberq rəsədxanası) tərəfindən kəşf edilən asteroid “Turandot” adlandırılıb.

Turandotu dünya kinematoqrafçıları da unutmayıb: 1935-ci ildə Almaniyada “Şahzadə Turandot” adlı ağ-qara, səsli film çəkilib; 1990-cı ildə SSRİ-də də “Turandot” filmi çəkilib. “Gürcüstanfilm”, rejissor Otar Şamatova; 2018-ci ildə ABŞ kinematoqrafçıları da “Turandot” filmi çəkiblər.

Turandot türkcə danışır

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasındakı dördüncü hekayə əsasında fransız, italyan, alman dillərində yazılan “Çin şahzadəsi”, “Turandot”, “Turandot – Çin Şahzadəsi” əsərləri bu gün dünyanın müxtəlif dillərinə tərcümə olunub, dahi şairin ölməz poemalarına ölməzlik qatır.

2020-ci ilin sonunda isə Almaniyanın Frankfurt-Mayn şəhərində yaşayan Senar Ülgər və Selçuk Ülgər Fridrix Şillerin “Turandot – Cin Şahzadəsi” əsərini alman dilindən türk dilinə tərcümə ediblər.  “Turanqızı Çin prensesi Turandot” kitabı nəfis şəkildə oxuculara təqdim olunub. (Kaynak Yayınları, I Basım, 2020, İstanbul). Türk dilinə tərcümə uğurlu alınıb, oxucu əsəri birnəfəsə oxuyur.

Turandot türkcə danışır… (Biz əsərin əsas qəhrəmanları Turandot və Xələfin sözlərini bu tərcümədən istifadə edərək dilimizə uyğunlaşdırmışıq. Minnətdarlıq edirik).

Amma iradımız da var. Kitabın üz qabığında qeyd olunur ki, …”Fridrix Şillerə bu ölməz əsəri yazdıran “Min bir gecə” nağıllarından yüksələn müdriklik, kamillik və təmizlik duyğusunun böyük gücüdür”.

Əlbəttə, Nizami personajlarının Lesaj, Qotsı, Şiller, Puççini… tərəfindən prototip kimi istifadə olunduğu elm aləminə çoxdan sübut olunub. Amma bunu geniş oxucu kütləsinə bu gün bir daha çatdırmaq necə də yerinə düşərdi…

Qalsın sonrakı nəşrlərə, ya da Turandot – Turan qızı – Türk qızı Azərbaycan türkcəsində danışana…

Namaz Manafov

filologiya üzrə fəlsəfə doktoru, dosent

Mingəçevir Dövlət Universiteti

{phocagallery view=category|categoryid=701|limitstart=0|limitcount=0}