Mingəçevir Dövlət Universitetində “Gənclərin inkişafında riyaziyyat əsas faktordur” mövzusunda debat yarışı keçirilib

  • Post category:Riyaziyyat

Mərkəzi Aran Regional Təhsil İdarəsinin fəaliyyət planına əsasən dekabr ayı “Riyaziyyat və informatika” aylığı elan olunmuşdur. Aylıq çərçivəsində riyaziyyat və informatika fənlərinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin məntiqi təfəkkürünün və analitik düşünmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə silsilə maarifləndirici və interaktiv tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Bu məqsədlə Mingəçevir Dövlət Universitetinin Riyaziyyat kafedrası ilə əməkdaşlıq qurulmuş, ay ərzində ustad dərsləri, dərsdinləmələr və debat yarışı təşkil edilmişdir. Debat yarışının hazırlıq mərhələsi Mingəçevir Dövlət Universitetinin Debat klubunun sədri Ümid Həsənov və klub sədrinin müavini Nicat Süleymanovun dəstəyi ilə yüksək səviyyədə reallaşdırılmış, şagirdlər üçün müvafiq təlimlər keçirilmişdir. Hazırlıq prosesinin uğurla yekunlaşmasından sonra debat yarışının final mərhələsi təşkil olunmuşdur.

Şagird və tələbələrdən ibarət komandaların iştirak etdiyi debat yarışı Mingəçevir Dövlət Universitetinin Riyaziyyat kafedrasının müdiri Rövşən Babayevin və MDU-nun rektor müşaviri Elvin Məmmədzadənin müşahidəsi ilə keçirilmişdir. Yarış zamanı iştirakçıların mövzuya yanaşma tərzi, arqumentasiya bacarıqları və riyazi məntiqdən istifadə səviyyəsi yüksək qiymətləndirilmişdir.

Tədbirin sonunda debat yarışında fəal iştirak edən şagird və tələbələr Mingəçevir Dövlət Universitetinin rəhbərliyi tərəfindən sertifikatlarla təltif olunmuşdur. Keçirilən tədbir məktəb–universitet əməkdaşlığının möhkəmləndirilməsi, gənclərin riyaziyyata marağının artırılması və onların intellektual potensialının inkişaf etdirilməsi baxımından əhəmiyyətli olmuşdur.