Türkiyə Respublikasına səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti İstanbul Aydın Universitetini ziyarət edib. MDU-nun Tədris prosesinin təşkili və idarə olunması məsələləri üzrə rektor müşaviri Ceyhun Mahmudovun rəhbərlik etdiyi səfər zamanı universitetlərarası əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş zamanı MDU-da mühəndislik istiqamətləri üzrə mütəxəssis hazırlığı, tədris prosesinin təşkili, tələbələrin istehsalat və peşə təcrübələrinin təşkili, eləcə də karyera planlaması və məşğulluq imkanlarının genişləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verilib.
Müzakirələrdə xüsusilə mühəndislik sahələri üzrə birgə layihələrin həyata keçirilməsi, tələbələrin real əmək bazarına hazırlanması, tələbə və akademik heyət mübadiləsi, sənaye–universitet əlaqələrinin qurulması və karyera mərkəzləri arasında təcrübə mübadiləsi məsələlərinə diqqət yetirilib. İstanbul Aydın University nümayəndələri də bu istiqamətlər üzrə MDU ilə birgə həyata keçirilə biləcək konkret əməkdaşlıq modelləri ilə bağlı fikirlərini bölüşüblər.