Mingəçevir Dövlət Universiteti ali təhsil müəssisələrinin sərgisində iştirak edir

Mingəçevir Dövlət Universiteti (MDU) Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan “Ali Təhsil Müəssisələrinin Sərgisi”ndə iştirak edir. Sərgi 2025/2026-cı tədris ili üzrə ixtisas seçimi mərhələsində abituriyentlərə dəstək məqsədilə 30 iyul – 1 avqust tarixlərində DİM-in Elektron İmtahanlar Korpusunda keçirilir.

Sərgi çərçivəsində MDU-nun əməkdaşları abituriyentlər və onların valideynləri, eləcə də digər maraqlı şəxslərlə görüşür, universitetin ixtisasları, təhsil imkanları, maddi-texniki baza, tələbə həyatı, təqaüd imkanları, həmçinin dövlət sifarişli və ödənişli təhsil formaları haqqında ətraflı məlumat verilər, iştirakçıları maraqlandıran sualları cavablayaraq müzakirələr aparırlar.

Sərgidə iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə öncədən qeydiyyatdan keçməlidirlər: https://portal.dim.gov.az/sergi/

Qeydiyyat zamanı ziyarətçilərə özlərinə uyğun tarix və saatı seçmək imkanı təqdim olunur.

Qeyd edək ki, “Ali Təhsil Müəssisələrinin Sərgisi” abituriyentlərlə universitetlər arasında birbaşa əlaqənin qurulmasına, düzgün və məlumatlı ixtisas seçiminin edilməsinə dəstək göstərmək məqsədi daşıyır. MDU sərgi iştirakçılarını universitetin yenilikləri və üstünlükləri ilə tanış olmağa dəvət edir.