Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” və “İnsan Hüquqları Aylığı” çərçivəsində “Qloballaşan dünyada Azərbaycanda insan hüquqları: gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə universitetin akademik-inzibati heyət üzvləri, tələbələr və magistrantlar fəal iştirak ediblər.
Dəyirmi masanı giriş nitqi ilə açan MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev tədbirin mövzusunun aktual və mühüm olduğunu vurğulayaraq, qloballaşma prosesinin insan hüquqlarına təsiri, bu istiqamətdə beynəlxalq standartlara inteqrasiyanın vacibliyi və xüsusilə gənclərin maarifləndirilməsinin önəmi haqqında danışıb. O, qeyd edib ki, Azərbaycanda insan hüquqlarının qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə geniş islahatlar həyata keçirilir. Gənclərin bu prosesi düzgün qavraması və aktiv iştirakçıya çevrilməsi gələcək cəmiyyətin hüquqi bazasının möhkəmlənməsinə xidmət edir.
Açılış nitqindən sonra iştirakçılara insan hüquq və azadlıqları mövzusunda maarifləndirici videoçarx təqdim olunub.
Daha sonra dəyirmi masanın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun hüquqşünası Polad Atayev “İnsan hüquq və azadlıqlarının anlayışı və növlər” mövzusunda məruzə ilə çıxış edib. O, insan hüquq və azadlıqlarının ümumbəşəri dəyərlərə əsaslandığını, onların dövlət tərəfindən tanınması və təmin edilməsinin hüquqi dövlətdə əsas prinsip olduğunu vurğulayıb. P.Atayev həmçinin insan hüquqlarının əsas növləri – mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqlar barədə geniş məlumat verib, onların konstitusion təminat mexanizmlərindən bəhs edib.
Tədbir çərçivəsində iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb və mövzu ətrafında interaktiv müzakirələr təşkil olunub.
Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir.