Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mingəçevirdə silsilə tədbirlərin keçirilməsi davam edir. Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Ümummilli liderin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Ulu öndərə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” filmə baxılıb.
Tədbiri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər Ulu öndərin ruhuna minnətdarlıq rəmzidir. Heydər Əliyevin xalqımız qarşısında çox böyük xidmətləri olub. Ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycan xalqı çox çətinliklərlə qarşılaşmışdı, ölkə iqtisadi cəhətdən böhran içərisində idi. Torpaqlarımız ermənilər tərəfindən işğal olunmuşdu. Belə çətin zamanda Ulu öndər xalqın tələbi ilə hakimiyyətə dəvət edildi. Onun böyük dövlətçilik təcrübəsi sayəsində ölkənin iqtisadi vəziyyəti yaxşılaşdı, daxili və xarici siyasət sahəsində uğurlar əldə olundu, ordu quruculuğuna başlanıldı, cəbhədə atəşkəs elan olundu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanımız parçalanmaqdan xilas olundu. Öz tarixi xidmətləri nəticəsində Ulu öndər müstəqilliyimizi qoruyub saxlamaqla bu günkü inkişaf etmiş Azərbaycanımızın əsasını qoydu.
Sevindirici haldır ki, ulu öndər Heydər Əliyevin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və cəsarətlə davam etdirilir. Bu gün də, dünən də, əldə edilən nailiyyətlər Ulu öndərin siyasətinin davamlı nəticələridir. Onun şah əsəri olan müasir Azərbaycan etibarlı əllərdədir. Ümidlə demək olar ki, bu gündən sonra da Heydər Əliyev ideyaları daimi yaşayacaq və yeni-yeni zəfərlər qazanacaqdır.
Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyev – tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və əbədiyaşar liderdir”, MDU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu”, MDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Hüseynova “Heydər Əliyev – tariximizin qurucu xilaskar fenomeni”, Mingəçevir Turizm Kollecinin tarix müəllimi Eldar Dərişov Azərbaycanın müasir zəfərləri ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xəttin uğurlu nəticələridir” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirə şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov yekun vuraraq qeyd edib ki, biz müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafında mühüm xidmətləri olan Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən çıxışları iftixar hissi ilə dinlədik. Birmənalı şəkildə qeyd edirik ki, bu gün ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin əsasını məhz müstəqil Azərbaycanın özü qədər əbədi olan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt təşkil edir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gündən-günə artması, ölkəmizə etibar olunan beynəlxalq tədbirlər, mədəni və idman yarışları məhz bu inamın və etimadın, ulu öndər Heydər Əliyevin ideyalarının reallaşmasının nəticələridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımız şanlı ordumuzun qalibiyyəti ilə işğaldan azad olundu, sərhədlərimiz bərpa edildi. Ölkə Prezidentinin apardığı ardıcıl siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazisinin bərpa edilməsinə başlanıldı. Üç il ərzində həmin ərazilərdə uğurlu işlər aparılmışdır. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinə soydaşlarımızın qayıdışı təmin olunur. Soydaşlarımızın 30 illik həsrətinə son qoyuldu. Görülən bu işlər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xəttin uğurlu nəticələridir. Bütün sahələrdə qazandığımız bu uğurlar Heydər Əliyev ideyalarının düzgünlüyünü, əbədiyaşarlığını və qalibiyyətliyini göstərir.
İlqar Həsənov,
XQ-nin bölgə müxbiri