29 may 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elm və innovasiyalar şöbəsi və Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Mərkəzi Aran folklor və etnomədəni dəyərlər konteksti” mövzusunda elmi dəyirmi masa keçirilib.
MDU-nun II tədris binasının kiçik akt zalında baş tutan tədbirdə universitetin professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.
Dəyirmi masanı giriş nitqi ilə açan Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev tədbirin elmi əhəmiyyətindən danışaraq bildirib ki, Mərkəzi Aran bölgəsinin zəngin etnomədəni irsi Azərbaycan elmi mühitində daha geniş tədqiq edilməli və bu dəyərlərin qorunaraq gələcək nəsillərə ötürülməsi üçün kompleks yanaşma vacibdir. O, bu təşəbbüsün həm yerli, həm də milli mədəni kimliyimizin dərin qatlarını araşdırmaq və yeni tədqiqat istiqamətləri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Ardınca seminar proqramına uyğun olaraq aşağıdakı məruzələr dinlənilib. MDU-nun Pedaqogika kafedrasının müdiri, tədqiqat mərkəzinin üzvü professor Fərəh Cəlil “Mifoloji təfəkkürdə ekoşüur”, Mərkəzi Aran Elmi Tədqiqat Mərkəzinin rəhbəri Vüsalə Mövlayeva “Azərbaycanın tarixi coğrafiyasında Mərkəzi Aranın izi”, Humanitar fənlər kafedrasından baş müəllim Səadət Ağakişiyeva “Aran bölgəsinin folklor nümunələri” və müəllim Şəlalə Quliyeva “Mərkəzi Aran bölgəsində multikultural dəyərlər” mövzularında məruzələrlə çıxışlar ediblər.
Təqdim olunan məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Məruzələrdə Mərkəzi Aran bölgəsinin folklor irsi, multikultural mühiti və bu bölgəyə xas olan mifik düşüncə tərzi geniş şəkildə şərh olunub.
Qeyd edək ki, il ərzində MDU-da “Konstitusiya və Suverenlik ili çərçivəsində müxtəlif tədbirlər keçirilir.