2026-cı ilin 12 iyun tarixində Mingəçevir Dövlət Universitetində “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində dünya mətbəxləri və mədəni müxtəlifliyə həsr olunmuş təqdimat-sərgi keçirilib.
MDU-nun Ömürboyu Təhsil Məktəbinin təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi tələbələr arasında mədəni müxtəlifliyə marağın artırılması, beynəlxalq dəyərlərin təşviqi, fərqli xalqların mətbəx ənənələri vasitəsilə mədəniyyətlərarası dialoq mühitinin gücləndirilməsi, eləcə də paylaşma, inklüzivlik və dayanıqlı kampus mədəniyyətinin təşviq edilməsi olub.
Təqdimat-sərgidə universitetin DB22.1Q və DB22.2Q qruplarında qiyabi formada təhsil alan tələbələri tərəfindən hazırlanmış Azərbaycan, Türkiyə, Çin, Fransa, Amerika, Gürcüstan və Yaponiya mətbəxinə aid müxtəlif yeməklər nümayiş etdirilib. Tələbələr təqdim etdikləri yeməklər haqqında məlumat verərək həmin ölkələrin kulinariya ənənələri, milli xüsusiyyətləri və mədəni dəyərləri barədə fikirlərini bölüşüblər.
Tədbir zamanı dünya mətbəxlərinin təqdimatı yalnız kulinariya nümunələrinin nümayişi kimi deyil, həm də müxtəlif mədəniyyətlərin tanıdılması, qarşılıqlı hörmətin gücləndirilməsi və tələbələr arasında qlobal dünyagörüşünün formalaşdırılması baxımından maraqla qarşılanıb.
MDU-nun əməkdaşları və tələbələri təqdimat-sərgi ilə tanış olub, müxtəlif ölkələrin mətbəx nümunələrindən dadıblar. Rəngarəng təqdimatlar, tələbələrin yaradıcı yanaşması və fərqli mədəniyyətləri əks etdirən çıxışlar tədbir iştirakçılarında xoş təəssürat yaradıb.
Qeyd edək ki, “Beynəlxalqlaşma, İnnovasiya və Dayanıqlı İnkişaf Həftəsi” çərçivəsində keçirilən bu kimi tədbirlər MDU-da beynəlxalqlaşma mühitinin genişləndirilməsinə, tələbələrin qlobal dünyagörüşünün formalaşdırılmasına, mədəni müxtəlifliyə açıq, inklüziv və dayanıqlı kampus dəyərlərinin inkişafına töhfə verir.