Mingəçevir Dövlət Universitetində tələbələrin ekoloji biliklərinin artırılması məqsədilə “Davamlı inkişaf üçün tullantıların düzgün idarə olunmasının və təkrar emalın rolu” mövzusunda maarifləndirici görüş təşkil edilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova, Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev, həmçinin “Təmiz Şəhər” ASC-nin Ətraf mühit və əməyin mühafizəsi şöbəsinin sektor müdiri Səyyaf Rüstəmli çıxış edərək tələbələr üçün geniş təqdimatlar nümayiş etdiriblər.
Görüş zamanı tullantıların düzgün idarə olunmasının ekoloji tarazlığa təsiri, təkrar emal və çeşidlənmənin əhəmiyyəti, təbii resurslardan səmərəli istifadə prinsipləri, ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar və görülən tədbirlər barədə ətraflı məlumat verilib.
Tədbirin əsas məqsədi tələbələr arasında ekoloji mədəniyyət və şüurun gücləndirilməsi, tullantıların idarə olunması sahəsində bilik və bacarıqların artırılması, eləcə də gənclərin ekoloji fəaliyyətlərdə daha fəal və təşəbbüskar iştirakına dəstək göstərməkdir.