Mingəçevir Dövlət Universitetinin tələbələri üçün “Bioenerji və tullantılardan enerji istehsalı texnologiyaları” mövzusunda təlim keçirilib

2026-cı ilin 21 fevral tarixində Mingəçevir Su Elektrik Stansiyasında (SES) Mingəçevir Dövlət Universitetinin Energetika və Mexanika kafedralarının birgə təşkilatçılığı ilə “Bioenerji və tullantılardan enerji istehsalı texnologiyaları” mövzusunda təlim keçirilib. Təlimdə universitet tələbələri və SES əməkdaşları iştirak ediblər.

Tədbirin məqsədi iştirakçıları bərpa olunan enerji mənbələri, tullantıların təkrar emalı texnologiyaları və bioenerji sahəsində tətbiq olunan müasir yanaşmalar barədə məlumatlandırmaq, həmçinin enerji istehsalı prosesinin texnoloji və iqtisadi aspektləri ilə yaxından tanış etmək olub.

Təlim zamanı çıxış edən MDU-nun Mexanika kafedrasının müdiri Mahir İsmayılov tullantıların təkrar emalı texnologiyaları, bərpa olunan enerji mənbələri və bioenerji qurğularının iş prinsipləri barədə geniş məlumat verib. O, bioenerji istehsalının mərhələləri, enerjinin əldə olunması və istehlakçılara ötürülməsi prosesləri haqqında ətraflı izahlar təqdim edib.

Mahir İsmayılov çıxışında həmçinin “Mingəçevir” SES-in ölkənin enerji sistemindəki əhəmiyyətindən bəhs edərək, burada istehsal olunan elektrik enerjisinin maya dəyəri baxımından daha sərfəli olduğunu vurğulayıb.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində bərpa olunan enerji, dayanıqlı inkişaf və ekoloji texnologiyalar istiqamətində keçirilən bu kimi praktiki təlimlər tələbələrin peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların sənaye mühiti ilə yaxından tanış olması və universitet–sənaye əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.