2026-cı ilin 5 mart tarixində Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 2025/2026-cı tədris ilinin yaz semestri üzrə növbəti geniştərkibli iclası keçirilib. İclasda universitetin Elmi Şurasının üzvləri və struktur bölmə rəhbərləri iştirak ediblər.
İclası giriş sözü ilə açan rektor Anar Eminov Elmi Şuranın gündəliyində duran məsələlər barədə Şura üzvlərinə məlumat verib.
İclasda Mingəçevir Dövlət Universitetinin Elmi-tədqiqat Strategiyasının təsdiq edilməsi, həmçinin Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq çərçivəsində daxili ikili diplom proqramlarının yaradılması və bu proqramlar üzrə ixtisasların müəyyənləşdirilməsi məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
İclas cari məsələlərə baxılmaqla davam edib. Cari məsələlər çərçivəsində MDU-nun əməkdaşlarından Aidə Mustafayeva, Rahilə Məmmədova, Günel Yunusova və Vüqar Məmmədliyə dosent elmi adının verilməsi üçün vəsatət qaldırılması, “Journal of Scientific Vectors” adlı elmi jurnalın təsis edilməsi, universitetdə vəzifə seçkiləri ilə bağlı əvvəlki qərarın ləğvi və birdəfəlik mükafatların təyin olunması, yeni sosial təqaüdlərin verilməsi və fəxri təqaüdlərin təqdim olunması qaydalarının müəyyənləşdirilməsi məsələləri müzakirə olunaraq təsdiq edilib. Buna uyğun olaraq differensial əməkhaqqı sisteminə paralel olaraq, beynəlxalq bazalarda indeksləşmiş jurnallarda və konfranslarda elmi məqalələr, beynəlxalq nəşriyyatlarda kitab və kitab fəsilləri, dərslik və dərs vəsaitləri üzrə birdəfəlik mükafatlar nəzərdə tutulacaq.
Eyni zamanda Mingəçevir Dövlət Universitetinin Tələbə-rektor Əsasnaməsinin, İdman-Sağlamlıq Kompleksinin Əsasnaməsinin, İmtahanların Təşkili və Qiymətləndirilməsi Şöbəsinin Əsasnaməsinin və Strateji İnkişaf Şöbəsinin Əsasnaməsinin təsdiq edilməsi ilə bağlı qərarlar qəbul olunub.
İclasda universitet nəzdində fəaliyyət göstərən sosial və akademik dəstək strukturlarının fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni mərkəzlərin yaradılması məsələsinə də baxılıb. Bu çərçivədə İnklüzivlik və Sosial İnkişaf Mərkəzi, Psixoloji Sağlamlıq və Davamlı Rifah Mərkəzi, Qazi və Şəhid Ailələrinə Dəstək və İnkişaf Mərkəzi, eləcə də Ətraf Mühitin Davamlılığı və İqlim Fəaliyyəti Mərkəzinin yaradılması barədə qərar qəbul edilib.
Cari məsələlərin müzakirəsi zamanı Mingəçevir Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının dosenti Sahib Əliyevin 65 illik yubileyi münasibətilə mükafatlandırılması, həmçinin universitetin İdman-Sağlamlıq Kompleksinin məşqçi-müəllimi Mehman Baxışovun 28 fevral – 1 mart tarixlərində keçirilmiş Pauerliftinq və Benç-press üzrə Azərbaycan çempionatında master kateqoriyasında I yerə layiq görülməsi münasibətilə mükafatlandırılması haqqında məsələlər də nəzərdən keçirilərək müvafiq qərarlar qəbul olunub.
Buna uyğun olaraq Sahib Əliyev, məşqçi-müəllim Mehman Baxışov və sözügedən çempionatda I və III yerləri tutan tələbələr Vaqif Əhmədli və Şamil Daşdəmirov, eləcə də kikboksinq üzrə Azərbaycan çempionatında qızıl medal qazanan Nazpəri Cabbarova təltif olunublar.
Daha sonra, rektor Anar Eminov elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Mingəçevir Dövlət Universitetin nəzdində yaradılan Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu və Davamlı Enerji və Regional İnkişaf Tədqiqat İnstitutu barədə məlumat verib, rəhbərlərini Şura üzvlərinə təqdim edib.
Sonda, rektor Anar Eminov qarşıdan gələn 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin bütün xanım əməkdaşlarını, tələbə və magistrantlarını təbrik edib.