Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib

2025-ci ilin 30 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının 2024/2025-ci tədris ilinin yaz semestri üzrə növbəti iclası keçirilib.

MDU-nun rektoru Anar Eminov iclasın gündəliyindəki məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra universitetin İnsan Resursları şöbəsinə müdir təyin olunan Əmrah Qürbətov və Həmkarlar İttifaqı Komitəsinə sədr seçilən Elçin Tağıyev Şura üzvlərinə təqdim olunub. Onlara fəaliyyətlərində uğurlar arzulanıb.

Sonra, iclasın gündəliyinə uyğun olaraq 2024/2025-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti, MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi, doktorant və dissertantların elmi-tədqiqat işlərinin vəziyyəti və tələbə təşkilatlarının fəaliyyəti  haqqında hesabatlar dinlənilib. Təqdim olunan hesabatlar təklif və tövsiyələrə əsasən Elmi Şura üzvləri tərəfindən qəbul olunub.

İclas cari məsələlərə baxılmaqla davam edib. Cari məsələlərdə universitetin müəllimləri tərəfindən hazırlanılmış “Müstəvi üzərində həndəsi çevirmələr” və “Mexanizmlərin strukturu” dərs vəsaitləri təsdiq üçün müzakirəyə çıxarılıb və üzvlər tərəfindən qəbul olunub.

Sonda rektor A.Eminov kollektiv üzvlərinə və tələbələrə 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında uğurlar arzulayıb.