Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları “Erasmus+”layihəsi çərçivəsində 2023-cü ilin dekabr ayında Polşada keçirilən təlimlərə qatılıblar.
Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) adlı “Erasmus+” layihəsi çərçivəsində 11 Azərbaycan universitetinin uyğun nümayəndə heyəti Polşanın Bydqoş şəhərində işgüzar səfərdə olub. Dekabrın 04-dən 09 dək keçirilən təlimlərə Polşanın Bydgoszcz İqtisadiyyat Universiteti (WSG) ev sahibliyi edib.
Azərbaycanın ali təhsil müəssisələrinin prorektor, dekan, kafedra müdiri və digər inzibati və akademik heyət üzvlərinin iştirakı ilə keçirilən tədbirdə MDU-nun Elm və İnnovasiyalar şöbəsinin mütəxəssisi Günel Kərimli, Xarici dil kafedrasının müdiri, dosent Mehdi Rəhimov, Sənayenin təşkili və idarəetmə kafedrasının dosenti Nəzakət Həsənovanın təmsil edib.
Səfər barədə təəssüratlarını bölüşən əməkdaşlarımız bildirib ki, təlimin gündəliyində ali təhsil müəssisələrində sahibkarlıq təfəkkürünün və sahə üzrə fəaliyyətlərin inkişaf etdirilməsi, sahibkarlığın strategiya, kurrikulum və tədqiqata inteqrasiyası və universitet-sənayə əməkdaşlığının gücləndirilməsi kimi mövzular əksini tapıb. Eyni zamanda sahibkarlığın təhsil və tədqiqata inteqrasiyası mexanizmini əhatə edən və müxtəlif istiqamətləri şərtləndirən müzakirələrin, təqdimatların və praktiki sessiyaların keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, MDU Azərbaycanda koordinator statusunda Erasmus+ layihəsinin qalibi olan ilk region universitetidir. 36 ay müddətində reallaşdırılacaq layihənin əsas məqsədi Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi, akademik heyətin və tələbələrin sahibkarlıq düşüncəsinin inkişaf etdirilməsi, universitetlərimizdə innovativ yanaşmanın təkmilləşdirilməsi, tədris prosesinin məzmununda praktiki komponentlərin artırılması, startap fəaliyyətlərinin və universitet – sənaye əməkdaşlığının genişləndirilməsidir.