MDU İtaliyada Erasmus+ layihəsi çərçivəsində beynəlxalq seminarda təmsil olunub

2023-cü ilin 16-20 iyun tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi “Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi” (Virtual Youth Business Hubs International Network – VEHUB4YOU) adlı Erasmus+ layihəsi çərçivəsində İtaliyanın Vieste şəhərində ilk seminar keçirilib. Layihənin koordinatoru olan İtaliyanın Foggia Universiteti tərəfindən təşkil edilən “Virtual mübadilədə innovasiyalar: fasilitator hazırlığı və virtual mübadilənin təşkili” mövzusunda seminara tərəfdaş qurumların nümayəndələri qatılıb.

Layihə çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq fəaliyyət planının müzakirə olunduğu seminarda MDU-nu bu ali təhsil müəssisəsinin əməkdaşları Samirə Əhmədova və Türkanbəyim Əhmədli təmsil edib. Layihə tərəfdaşlarının təmsilçiləri, o cümlədən MDU əməkdaşları təqdimatlarla çıxış edərək layihənin icrası ilə bağlı fikirlərini bölüşüblər. Sonda sözügedən fəaliyyət planının tətbiqi ilə bağlı razılıq əldə olunub.

Qeyd edək ki, VEHUB4YOU layihəsi “Ali Təhsil və Gənclər üzrə Virtual Mübadilə” (ERASMUS-EDU-2021-VIRT-EXCH) proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən 2022-ci ildə qalib elan olunub. 2023-cü ilin aprelin 25-də Kiyev Milli Texnologiyalar və Dizayn Universitetinin (KNUTD) evsahibliyi ilə “Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi kontekstində iqtisadi artımın imperativləri” mövzusunda təşkil edilən IV Beynəlxalq elmi-praktik konfransda VEHUB4YOU layihəsinin təqdimatı keçirilib.

36 ay ərzində (2023-2025) icra edilməsi nəzərdə tutulan VEHUB4YOU layihəsinin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir. Gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən layihənin ümumi büdcəsi 349 841 avro təşkil edir. İtaliyanın Foggia Universitetinin koordinatoru olduğu layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan KNUTD, Sosial və İqtisadi Təşəbbüslər İnstitutu və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi yer alıb. VEHUB4YOU layihə konsorsiumunun üzvləri Ukrayna və Azərbaycanda məktəblər, universitetlər və kənd kitabxanalarında 60 virtual beynəlxalq biznes hablarının daxil olduğu Virtual Gənclər Biznes Hubları Beynəlxalq Şəbəkəsinin təşkilinə və orta məktəb şagirdləri, kollec və universitet tələbələri üçün biznes fəaliyyətinin öyrədilməsinə ümumi səylər göstərəcəklər. Avropa universitetləri Ukrayna və Azərbaycandakı universitetlərin və gənclər təşkilatlarının köməyi ilə öz biznes kurslarını və müəllimlərin təcrübələrini Şərq Tərəfdaşlığı ölkələrinin gəncləri ilə bölüşəcəklər. Layihə iştirakçıları onlayn biznes təlimləri üçün metodiki vəsaitlər fondu hazırlayacaqlar.

Bundan əlavə, yerli tələblər nəzərə alınmaqla hab rəhbərləri və fasilitatorlar üçün təlim proqramı dərc olunacaq. VEHUB4YOU layihəsinin müasir Avropa təhsilinə çıxışı təmin etməklə biznes təhsilinin keyfiyyətini artıracağı və biznes bacarıqlarını inkişaf etdirəcəyi gözlənilir. Eləcə də, məktəb, kollec və universitetlərin təhsil proqramlarının virtual öyrənmənin yeni tendensiyalarına uyğun modernləşdirilməsi və virtual təhsilin effektivliyinin artırılması nəzərdə tutulur.

Layihə haqqında ətraflı məlumat üçün https://www.vehub4you.com/ saytına keçid edə bilərsiniz.