Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ilinin ilk Elmi Şura iclası keçirilib

2025-ci il 12 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2025/2026-cı tədris ilinin ilk Elmi Şura iclası keçirilib. İclasda universitetin rektoru Anar Eminov, Elmi Şura üzvləri, fakültə dekanları və struktur bölmə rəhbərləri iştirak ediblər. Rektor öncə iclasın gündəliyində duran məsələləri Şura üzvlərinin diqqətinə çatdırıb.

Rektor A.Eminov yeni tədris ili üçün Elmi Şuranın İş Planını təqdim edib.Sonra Tədris şöbəsinin müdiri Şahin Maşayev 2024/2025-ci il yay imtahan sessiyasının yekun nəticələri barədə geniş hesabat təqdim edib, fakültələr və ixtisaslar üzrə statistik göstəricilər iştirakçıların diqqətinə çatdırılıb. Rektor A.Eminov 2025/2026-cı tədris ilində bakalavriat və magistratura səviyyələrinə qəbul nəticələrini açıqlayaraq universitetin qarşıya qoyduğu prioritet istiqamətlər və əsas vəzifələr barədə məlumat verib. Bildirilib ki, ali təhsildə keyfiyyətin yüksəldilməsi, tələbəyönümlü yanaşmanın gücləndirilməsi və beynəlxalq standartlara uyğun təhsil proqramlarının tətbiqi universitetin prioritetlərindəndir. Təqdim olunan hesabat və təkliflər Elmi Şura üzvləri tərəfindən müvafiq tapşırıq və tövsiyələrlə qəbul edilib.

İclas cari məsələlərin müzakirəsi ilə davam etdirilib.

Cari məsələlər çərçivəsində bir sıra mühüm qərarlar qəbul olunub. Akademik Akif Musayevin adını daşıyan təqaüd təsis olunub, magistratura səviyyəsi üzrə tədris planları və 2025/2026-cı tədris il üçün dərs qrafiki təsdiqlənib. Eyni zamanda, dərslərin 80 dəqiqəlik formatda təşkili qərara alınıb, “Turizm işinin təşkili” ixtisası üzrə tədris planlarında dəyişikliklər təsdiqlənib. Universitetdə məsləhətçi-professor ştatının yaradılması, elmi nəşrlər və dərsliklər üzrə mükafatlandırma qaydaları, həmçinin differensial əməkhaqqı sistemi məsələləri yenidən nəzərdən keçirilib.

MDU-nun İSO sertifikatlaşdırılması üçün müraciət prosesinə başlanılıb, həmçinin Turizm işinin təşkili, Energetika mühəndisliyi, Maliyyə və İnformasiya texnologiyaları ixtisaslarının beynəlxalq akkreditasiya prosesinə cəlb olunması qərara alınıb.

İclasın sonunda rektor Anar Eminov universitet professor-müəllim heyətini, tələbə və magistrantları yeni tədris ilinin başlaması münasibətilə təbrik edib, uğurlar arzulayıb.