Mingəçevir şəhərində “Gələcəyə #Birlikdə Sosial Fəallıq və İnkişaf Proqramı” layihəsi çərçivəsində Gənclər Forumu keçirilib

2025-ci ilin 13-14 avqust tarixlərində Mingəçevir Dövlət Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “İşıqlı Gələcək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli çərçivəsində “Gələcəyə #Birlikdə | Sosial Fəallıq və İnkişaf Proqramı” keçirilib.
Layihə çərçivəsində “#Birlikdə Güclüyük” Gənclər Forumu baş tutub. Forumdan əvvəl rəsmilər Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək onun ruhunu ehtiramla yad edib, büstü önünə gül dəstələri qoyublar. Forumun rəsmi açılış mərasimi isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad edilməsi ilə başlayıb.
Daha sonra rəsmi çıxışlarla Forum davam edib. Forumda Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Aydın Mirzəzadə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Sahib Əliyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) baş katibi Nərminə Hüseynzadə, Mingəçevir Gənclər Evinin direktoru vəzifəsini icra edən Eşqin Məmmədov və “İşıqlı Gələcək Gənclər” İctimai Birliyinin sədri Samrin Xanlayev çıxış ediblər.
Çıxışlar zamanı vurğulanıb ki, ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin təhsil, yaradıcılıq və ictimai fəaliyyət imkanlarını genişləndirdiyini bildiriblər. Həmçinin o da vurğulanıb ki, bu gün ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qalib xalqın gəncləri bu gün cəmiyyətimizin ən fəal hissəsi kimi ölkənin sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər.
Daha sonra panel müzakirələr təşkil olunub və gənclərlə bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə təhsilin vətəndaş məsuliyyətinin formalaşmasındakı rolu, konstitusiya birlikləri və fəal vətəndaşlıq anlayışının gənclər arasında təşviqi, eləcə də gənclərin ictimai təşəbbüslərdə iştirakı və sosial məsuliyyətin gücləndirilməsi kimi mövzular müzakirə olunub. İştirakçılar bu sahələrdəki təcrübələrini bölüşərək, gələcəkdə həyata keçirilə biləcək layihələr üçün təkliflər irəli sürüblər.
Proqrama uyğun olaraq keçirilən çay fasiləsi və şəbəkələşmə sessiyası zamanı gənclər üçün qarşılıqlı tanışlıq və əməkdaşlıq imkanları yaradılıb. Forumun ikinci hissəsində isə “Gələcəyə #Birlikdə” proqramının məqsədləri, əsas fəaliyyət istiqamətləri və Mingəçevirdə icra olunacaq 3 aylıq yerli fəaliyyət planı barədə ətraflı məlumat təqdim edilib.
Tədbirin sonunda rəsmi bağlanış mərasimi keçirilib, iştirakçılara sertifikatlar təqdim olunub və xatirə fotosu çəkilib.
Layihənin ikinci günündə təşkil olunan “Fəal Gənc Akademiyası” çərçivəsində gənclərlə iş sahəsində çalışan Hikmət Qafarov, Müşviq Tarıverdiyev, Elnarə Əliyeva tərəfindən gənclər üçün sosial fəallıq, liderlik, komanda işi və karyera planlaması mövzularında təlimlər keçirilib.