“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan tədbirlərin tərkib hissəsi olaraq Mingəçevir Dövlət Universitetində (MDU) günəş enerji panelindən istifadəyə start verilib.
Universitetin əsas tədris korpusunun həyətində quraşdırılan günəş panelinin istifadəyə verilməsi mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov ilk növbədə professor-müəllim və tələbə heyətini əlamətdar hadisə münasibətilə təbrik edib. “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”na uyğun olaraq MDU-nun yeni dövrün universitetinə çevrilməyi və davamlı inkişaf əsaslı ali təhsil müəssisəsi olmağı hədəflədiyini bildirən rektor günəş enerjisi panelini ”yaşıl enerji” konseptinin real nəticələrindən biri kimi dəyərləndirib. Günəş panelinin “davamlı inkişaf təfəkkürlü” və “yaşıl düşüncəli” vətəndaş yetişdirmək missiyasının reallaşdırılmasına mühüm töhfə verəcəyini qeyd edən rektor açıq havada laboratoriya funksiyasını yerinə yetirəcək enerji panelinin “Energetika” və “Energetika mühəndisliyi” ixtisaslarında kadr hazırlığının keyfiyyətinin yüksəldilməsində də əhəmiyyətli rol oynayacağına əminliyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti v.i.e. akademik Arif Həşimov son dövrlərdə MDU-nun müasirləşdirilməsi istiqamətində aparılan sistemli fəaliyyətlərdən bəhs edib və ölkənin elektroenergetika mərkəzi hesab olunan Mingəçevir şəhərində ilk günəş enerjisi panelinin istifadəyə verilməsinin yüksək önəm kəsb etdiyini vurğulayıb. Akademik, ölkə başçısı tərəfindən bərpa olunan enerji resurslarından istifadənin artırılmasına göstərilən yüksək diqqət və qayğıdan danışıb, yaşıl enerji sahəsinin inkişafı məqsədilə yüksək ixtisaslı kadr hazırlığının məzmununun modernləşdirilməsinin vacibliyini bildirib.
Türkiyənin Qazi Universitetinin MDU-da fəaliyyət göstərən qonaq professoru Cemal Yılmaz günəş enerjisi panelinin iş mexanizmi və universitet daxilində istifadə üçün generasiya olunacaq elektrik enerjisinin miqdarı barədə ətraflı məlumat verib. O, növbəti mərhələdə günəş enerjisi panelinin əhatə dairəsinin artırılması üçün atılacaq addımlardan danışıb, Azərbaycanda yaşıl enerji istiqamətində reallaşdırılan fəaliyyətlərə göstərilən dövlət dəstəyinin yaratdığı geniş imkanlardan bəhs edib.
Sonra, günəş enerjisi paneli istifadəyə verilib, tədbir iştirakçıları paneli real iş rejimində izləyiblər.
Mərasimdə AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov, “AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini Aytək Babayeva, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Sevinc Həsənova, “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC-nin direktoru Oqtay Pirverdiyev, Mingəçevir şəhəri hüquq-mühafizə orqanlarının rəhbərləri, digər qonaqlar, MDU-nun professor-müəllim və tələbə heyəti üzvləri iştirak ediblər.
Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində MDU-da müvafiq tərəfdaşlarla birlikdə çoxsaylı layihələr reallaşdırılır və müxtəlif tədbirlər həyata keçirilir.