Beynəlxalq konfransın qonaqları ilə MDU-da təcrübə mübadiləsi aparılıb

Mingəçevir Dövlət Universitetində (MDU) “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfransın qonaqları ilə görüşlər təşkil edilib.

Türkiyənin Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa və Ankara Hacı Bayram Veli Universiteti Turizm fakültəsinin dekanı İrfan Yazıcıoğlu MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində  akademik və inzibati heyət üzvləri ilə görüşüb. Görüşdə MDU-nun rektoru Şahin Bayramov da iştirak edib.

Görüşlərdə mövcud işbirliyinin daha da inkişaf etdirilməsi, turizm təhsilinin inkişafı, tədrisin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, tərəfdaş universitetlərdə təlim və təcrübə imkanlarının yaradılması və digər məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Konfransın digər qonağı müstəqil tədqiqatçı və beynəlxalq təlimçi İşıl Keskin Şahan MDU-nun Təhsil və Mühəndislik fakültələrinin bir qrup akademik heyət üzvləri ilə görüşüb, əməkdaşların motivasiyasının yüksəldilməsi məqsədilə müvafiq söhbətlər aparıb və onlarla işbirliyinə daim açıq olduğunu bildirib.

Görüşlərdə bir sıra konkret istiqamətlər üzrə əməkdaşlığın reallaşdırılmasına dair ilkin razılıqlar əldə edilib.