Rektor Anar Eminov Mingəçevir Dövlət Universitetinə yüksək balla qəbul olunan tələbələrlə görüş keçirib

2025-ci ilin 8 sentyabr tarixində rektor Anar Eminov 2025/2026-cı tədris ilində qəbul imtahanlarında yüksək nəticə göstərərək Mingəçevir Dövlət Universitetinə (MDU) qəbul olunan tələbələrlə görüşüb.

Görüşdə çıxış edən rektor tələbələri qazandıqları uğura görə təbrik edib, onları təhsil həyatlarında yeni bir mərhələnin gözlədiyini vurğulayıb. O, tələbələrin yalnız dərslərdə deyil, həm də universitetin ictimai, mədəni və sosial fəaliyyətlərində fəal iştirak etmələrinin vacibliyini diqqətə çatdırıb.

Tələbələr onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə minnətdarlıq ifadə edərək, bu etimadı doğrultmaq üçün təhsil və fəaliyyətlərində əzmlə çalışacaqlarını bildiriblər.

Qeyd edək ki, cari tədris ilində 18 tələbəmiz 500-dən yuxarı, 2 tələbəmiz isə 600-dən yuxarı balla MDU ailəsinə qoşulub. Yüksək balla qəbul olunan tələbələrin böyük qismi Xarici dil müəllimliyi və riyaziyyat müəllimliyi ixtisaslarını seçiblər.