2026-cı il fevralın 13-də Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu” çərçivəsində universitet ilə “Holberton School Azerbaijan” arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və “HS AZ” MMC-nin direktoru Şəmsi Bayramzadə tərəfindən imzalanaraq tərəflər arasında informasiya texnologiyaları, rəqəmsal bacarıqların inkişafı və innovativ təhsil modelləri üzrə uzunmüddətli və sistemli əməkdaşlığın əsasını qoyub.
Sənədə əsasən, tərəflər proqramlaşdırma, süni intellektlə işləmə bacarıqları, proqram təminatının hazırlanması və digər rəqəmsal kompetensiyalar üzrə ixtisaslı kadr hazırlığının təşkili, texnoloji və innovativ layihələrin həyata keçirilməsi, eləcə də əmək bazarının tələblərinə uyğun insan kapitalının inkişafı istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Memorandum çərçivəsində tələbə mübadiləsi və təcrübə mübadiləsi imkanlarının yaradılması, seminarlar, işçi görüşləri və ortaq layihələrin təşkili, müasir texnoloji həllərin və innovativ tədris metodlarının təhsil proqramlarına inteqrasiyası nəzərdə tutulur. Bununla yanaşı, tərəflərin laboratoriya, təlim otaqları və digər texniki resurslarından qarşılıqlı istifadə mexanizminin formalaşdırılması planlaşdırılır.
Əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetinin bakalavr və magistr pillələrində təhsil alan tələbələri, həmçinin ixtisasartırma kurslarının dinləyiciləri üçün “Holberton School Azerbaijan” tərəfindən ödənişsiz tədris kurslarının təşkili nəzərdə tutulur. Bu təşəbbüs tələbələrin praktik bacarıqlarının gücləndirilməsinə, layihə əsaslı öyrənmə modelinin tətbiqinə və qlobal İT standartlarına uyğun bilik və səriştələrin formalaşdırılmasına xidmət edəcək.
Qeyd edək ki, imzalanmış əməkdaşlıq sənədi ali təhsildə innovativ yanaşmaların genişləndirilməsi, regionda rəqəmsal ekosistemin gücləndirilməsi və tələbələrin müasir texnoloji bilik və bacarıqlarla təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.