Rektor Anar Eminov İqtisadiyyat və idarəetmə fakültəsinin akademik-inzibati heyəti ilə görüşüb

2025-ci il 11 sentyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov İqtisadiyyat və idarəetmə fakültəsinin akademik-inzibati heyəti ilə görüş keçirib.

Görüşdə universitetdə həyata keçirilən şəffaflıq siyasəti, tədrisin keyfiyyətinin yüksəldilməsi, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, müəllim və tələbələrin bilik və bacarıqlarının təkmilləşdirilməsi, həmçinin xarici dil hazırlığının gücləndirilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib.

Çıxışı zamanı rektor A.Eminov MDU-nun inkişafında professor-müəllim heyətinin əvəzsiz rolunu xüsusi vurğulayıb, onları elmi-pedaqoji fəaliyyətlə yanaşı, innovativ təşəbbüslərdə, beynəlxalq layihələrdə və sosial-ictimai fəaliyyətlərdə daha fəal iştirak etməyə çağırıb.

Görüşdə, həmçinin, Biznes və menecment kafedrasının baş müəllimi Zaur Rəsulovun İqtisadiyyat və idarəetmə fakültəsinə dekan müavini təyin olunması barədə məlumat verilib. Rektor yeni təyinata görə Z.Rəsulovu təbrik edərək gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sonda, rektor 2025/2026-cı tədris ilinin başlanması münasibətilə fakültə əməkdaşlarını təbrik edən rektor A.Eminov onlara səmərəli fəaliyyət və bol nailiyyətlər arzulayıb.