MDU tələbələri inklüziv təhsilin dərinliklərini öyrənir

Mingəçevir Dövlət Universitetinin (MDU) “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” və “Xarici dil müəllimliyi” ixtisasları üzrə təhsil alan 3-cü kurs tələbələri müəllim Günel Nəcəfovanın rəhbərliyi ilə Mingəçevir “Uşaq və Ailəyə Dəstək Mərkəzi”ndə olublar. “İnklüziv təhsil və fərdiləşdirilmiş təlim” fənninin tədrisi ilə əlaqədar olaraq mərkəzdə keçirilmiş görüş pedaqoji ixtisaslarda təhsil alan tələbələrə inklüziv təhsilin əsaslarını, praktiki və nəzəri bilikləri mənimsətmək, gələcək müəllimlərin inklüziv şagirdlərlə işləmə bacarıqlarını formalaşdırmaq və inkişaf etdirmək üçün nəzərdə tutulub.

Nəzəriyyə ilə yanaşı sağlamlıq imkanları məhdud uşaqlarla işləmək metodikasını öyrətmək məqsədi daşıyan ziyarətdə mərkəzdə təhsil alan uşaqlarla birgə vaxt keçirən gənclər “İnklüziv təhsil və fərdiləşdirilmiş təlim” fənninin tədrisi zamanı irəli sürülən məqamları daha dərindən mənimsəməyə çalışıblar.

Qeyd edək ki, bu fənn inklüziv təhsillə bağlı bütün bilik və bacarıqları – universal öyrənmə dizaynının yaradılmasını, sinif strategiyalarının qurulmasını, müəllimlərin özünütəhlil bacarıqlarına yiyələnməsini, valideynlərlə və müəllimlərlə, eləcə də psixoloq və loqopedlərlə, xüsusi pedaqoqlarla əməkdaşlığın forma və üsullarını mənimsətməyə, inklüziv siniflərdə planlaşdırma və tədrisin təşkilinin həyata keçirilməsini, qiymətləndirmə prosesinin aparılmasını ehtiva edir. Həmçinin “İnklüziv təhsil və fərdiləşdirilmiş təlim” fənninin təcrübələr əsasında tədris olunması ilə tələbələr şagirdlərin fəaliyyət məhsullarını təhlil etmək, onların öyrənməsi və təkmilləşməsi yollarını araşdırmaq, şagirdlərin qarşısına qoyulan biliklərə yiyələnmə hədəflərinə nail olmasını təmin etmək kimi inklüziv qiymətləndirmənin əsas elementlərini öyrənmiş olurlar.