MDU müəllimi Rusiya Federasiyasının Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunda elmi-tədqiqat aparır

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının gənc müəllimi Xəyalə Hüseynzadə Rusiya Federasiyasının Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatlar İnstitutunun (JINR) Yüksək enerjilər fizikası laboratoriyasında radiasiya mövzusunda apardığı elmi-tədqiqatını uğurla davam etdirir.

X.Hüseynzədə JINR-da apardığı elmi-tədriqat “Silisium əsaslı yeni radiasiya qeydedicilərinin işlənməsi və tətbiqi” mövzusundadır.

Səfər çərçivəsində əməkdaşımız JINR-nın elmi infrastrukturu, laboratoriyalarının fəaliyyəti, elmi-tədqiqat işlərinin xırda detalları ilə yaxından tanışlıq və institutun laboratoriyasında çalışan alimlərlə ünsiyyət qurmaq imkanı qazanıb.

Tədqiqat prosesinin gedişatından bəhs edən X.Hüseynzədə bildirib ki, JINR-nın Yüksək enerjilər fizikası laboratoriyasında yeni nəsil mikropikselli selvari fotodiodların bəzi ölçmə parametrləri – foton qeydetmə effektivliyi, amplitud ayırdetməsi, gücləndirmə əmsalı, deşilmə gərginliyi, işləmə oblastı təyin olunması üzərində tədqiqatlar aparır.

X.Hüseynzadəyə elmi-tədqiqat təcrübəsinin uğurla başa vurmasını arzulayır, məhsuldar fəaliyyətinin səmərəli olmasını diləyirik.

Qeyd edək ki, MDU-nun elmi potensialının gücləndirilməsi və əməkdaşların elmi-tədqiqat fəaliyyətinə davamlı dəstək göstərilməsi əsas prioritetlərimizdəndir.