2026-cı il fevralın 13-də Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu” çərçivəsində Mingəçevir Dövlət Universiteti ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum Mingəçevir Dövlət Universitetinin Keyfiyyət təminatı və davamlı inkişaf şöbəsinin müdiri Azad Mirzəbəyov və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Samir Novruzlu tərəfindən imzalanaraq tərəflər arasında ali təhsildə keyfiyyət təminatı sistemlərinin inkişafı, institusional idarəetmədə müasir keyfiyyət yanaşmalarının tətbiqi və keyfiyyət mədəniyyətinin gücləndirilməsi istiqamətində uzunmüddətli və sistemli əməkdaşlığın əsasını qoyub .
Sənədə əsasən, tərəflər Mingəçevir Dövlət Universitetində daxili keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi, tədris, öyrənmə və qiymətləndirmə proseslərində keyfiyyətin artırılmasına yönəlmiş müasir yanaşmaların tətbiqi, proqram və fənn səviyyəsində öyrənmə nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Memorandum çərçivəsində akademik və inzibati heyət üçün keyfiyyət idarəetməsi, proseslərin optimallaşdırılması və institusional inkişaf mövzularında təlim və ixtisasartırma proqramlarının təşkili, birgə layihə, forum və konfransların keçirilməsi, həmçinin keyfiyyət təminatı sahəsində qabaqcıl milli və beynəlxalq təcrübənin öyrənilməsi və paylaşılması nəzərdə tutulur .
Əməkdaşlıq ali təhsildə keyfiyyət mədəniyyətinin formalaşdırılması və davamlı inkişaf prinsiplərinin tətbiqinə xüsusi önəm verir. Bu çərçivədə universitetdə keyfiyyət təminatı və institusional inkişaf mexanizmlərinin gücləndirilməsi, idarəetmədə şəffaflıq və səmərəliliyin artırılması prioritet istiqamətlərdən biri olacaq.
Qeyd edək ki, imzalanmış əməkdaşlıq sənədi ali təhsildə keyfiyyət təminatı sistemlərinin təkmilləşdirilməsi, universitetin strateji inkişaf hədəflərinin dəstəklənməsi və beynəlxalq standartlara uyğun idarəetmə modelinin tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.