Xanımtər Vəliyeva: MDU biliyə və şəffaflığa dəyər verən ali məktəbdir

Xanımtər Vəliyeva: MDU biliyə və şəffaflığa dəyər verən ali məktəbdir

 

Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir. Birinci mərhələdən sonra Mingəçevir Dövlət Universitetinə bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-si saat 17:00-dək davam edəcək. Avqustun 26-na olan məlumata görə Mingəçevir Dövlət Universitetinə qəbul olan 726 nəfərdən 600 nəfəri artıq qeydiyyatdan keçmişdir. Qəbul olan tələbələr arasında yüksək balla “Marketinq” ixtisasına qəbul olan Xanımtər Vəliyeva da var. Onunla müsahibəmini təqdim edirik.

– Özünüz haqqında məlumat verməyinizi istərdik…

Mən, Vəliyeva Xanımtər Qoca qızı 2001-ci ildə Mingəçevir şəhərində anadan olmuşam. Mingəçevir şəhər İsmət Qayıbov adına 10 saylı məktəbdə təhsil almışam. 2019-cu ildə məktəbi bitirərək Dövlət İmtahan Mərkəzinin II qrup üzrə keçirdiyi qəbul imtahanda iştirak etmişəm. 544 bal toplayaraq dövlət sifarişilə Mingəçevir Dövlət Universitetinin “Marketinq” ixtisasına qəbul olmuşam.

– Qəbul imtahanı necə keçdi?

Rahat oldu. Yanımda əyləşən gənc oğlan nadinc olsa da imtahanda ciddi işlədiyimi görüb maneçilik etmədi. Həm də nəzarətçilər də işlərinə ciddi yanaşırdılar.

– Yüksək nəticə göstərmək üçün nələr etdiniz?

9-cu sinifdən “KÜR” hazırlıq kursunda oxumuşam və bu mənə kömək, dəstək oldu. Hətta kursda psixoloji hazırlıqda olurdu. Sınaq imtahanlarında 500-600 arası bal toplamışam. Son sınaqda isə 550 bal toplamışdım. Çox bal toplaya bilərdim. Müəyyən çətinliklər oldu. Həyacanda yan qaçmadı.

– Gələcəyə dair planlarınız?

Mingəçevir Dövlət Universitetində bakalavr təhsilimi bitirdikdən sonra, magistratura səviyyəsini xaricdə, Türkiyədə oxumaq istəyirəm. Yüksək səviyyəli şirkət olsa, orada markentoloq işləmək istərdim. Qalanını isə zaman göstərər.

– Müvəffəqiyyətlər və uğurlar!

“KÜR”-də şəhər sınaq imtahanlarında 3-cü yer tutmuşam. Olimpiadalara qatılmışam. 3 il I və II turları keçmişəm. Çoğrafiya üzrə intelektual oyunlarada iştirak etmişəm.

MDU-da ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdiniz?

MDU biliyə və şəffaflığa dəyər verən ali məktəbdir. Məhz bu baxımdan onlara gələcəkdə MDU-nu seçməyi təklif edərdim.