Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar milli təhlükəsizliyimizə töhfədir

Azərbaycanın xarici siyasətdə qazandığı uğurlar milli təhlükəsizliyimizə töhfədir

 

Milli dövlətçilik Azərbaycan xalqı üçün yeni anlayış deyil. Min illərlə Azərbaycan xalqının çox qüdrətli dövlətləri olubdur və onların mənəvi-əxlaqi davamı müasir dövlətçiliyimizdə öz əksini tapmaqdadır. XIX əsrin əvvəllində Azərbaycan tarixi səbəblər ucbatından öz milli dövlətçiliyindən məhrum oldu. Xalqımızda olan potensial özünü XX əsrdə üç dəfə milli dövlətin yaranması faktında göstərdi. Müstəqillik xalqımızın əldə etdiyi ən böyük və ən qiymətli tarixi nailiyyətdir. Bu gün inkişaf etmiş dövlətlərin yüksəlişini təmin edən amillərdən biri də demokratik cəmiyyətin qurulmasıdır. Demokratiya, hüquqi dövlət, insan hüquqları prinsipləri respublikamız üçün əsas istiqamətlərdir və ölkəmiz onların inkişafına çalışır. Lakin bu gün demokratiya bizim üçün məqsəd deyil, milli dövlətçiliyimizin möhkəmləndirilməsi vasitəsidir. Məqsədimiz isə cənab prezidentimizin dediyi kimi, müstəqilliyimizin əbədi və dönməz xarakter almasıdır, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasıdır. Bunun üçünsə daxili və xarici siyasətin formalaşması vacib şərtdir. Müasir dövlətçilik hüququ, demokratik dövlət quruculuğunu, insan hüquq və azadlıqlarının təmin edilməsini, azad sahibkarlığı, milli maraqlara cavab verən çevik xarici siyasətin yeridilməsini diqtə edir. Daxili iqtisadi-siyasi sabitlik və inkişaf, dövlət quruculuğunun möhkəmləndirilməsi, sosial ədalət prinsipinin yüksək səviyyədə qorunması xarici siyasətin də güclü olmasına gətirib çıxarır. Xarici siyasətdə isə istiqamətlərin, prioritetlərin və müttəfiqlərin düzgün müəyyənləşdirilməsi, bu mürəkkəb dünyada düzgün qərar qəbul edilməsi Azərbaycan dövlətçiliyinə kömək edən vacib şərtlərdəndir.

Azərbaycan dövlətinin əsasını təşkil edən tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir. Prezident İlham Əliyev tərəfindən uğurla əlaqəndirilmiş, Azərbaycanın həyata keçirdiyi siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulmuşdur. Məhz buna görədir ki, Azərbaycan dövlətinin problemlərin siyasi həlli modeli bütün dövlətlərlə qarşılıqlı surətdə səmərəli əməkdaşlıq perspektivləriaçır.

Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan öz müstəqil siyasətinə sadiqdir: “Bu siyasət Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Azərbaycan heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır və sürətlə inkişaf edir, eyni zamanda, sübut edir ki, bu gün müsəlman aləmində dinamik, müasir, öz milli-mənəvi dəyərlərinə sadiq, güclü bir dövlət vardır. Bu da bəzi xarici dairələrin stereotiplərinə, yaxud da ki yaratdıqları stereotiplərə sığmır”.

Digər tərəfdən, Azərbaycan bölgədə və beynəlxalq səviyyədə əməkdaşlıq və təhlükəsizliyə də mühüm töhfələr verir. Bu konteksdə son dönəmlərdə ölkəmizin iştirakı ilə gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyəti deyilənləri təsdiq edir. Məhz bütün bunlara görə dünya siyəsətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar da Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər. Azərbaycanın uğurlu xarici siyasət kursu sivilizasiyalararası dialoq və qlobal inteqrasiya baxımından da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Azərbaycan sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində uğurla iştirak etməsindən xəbər verir. Beləliklə, Azərbaycan özünün çoxşaxəli və mütərəqqi siyasəti ilə xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycan Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmişdir.

Ümumiyyətlə, Azərbaycan öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, milli və dini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir. Azərbaycan qlobal və regional səviyyəli tədbirlərə ev sahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə olunduğu siyasi, iqtisadi və humanitar mərkəz kimi tanınmağa başlayıb.

Müasir dövrdə qloballaşma şəraitində hər bir ölkənin inkişafı və təhlükəsizliyinin təmin olunması bir sıra strateji faktorlardan asılıdır. Bu sırada ən mühüm amil isə həyata keçirilən siyasətin milli maraqlara və qlobal çağırışlara nə qədər adekvat olmasıdır. Hazırki reallıqlar onu göstərir ki, ictimai-siyasi sabitliyin bərqərar olunmasını, ölkənin beynəlxalq mövqeyinin möhkəmləndirilməsini, iqtisadi inkişafın davamlılığının təmin edilməsini strateji prioritetlər kimi müəyyənləşdirmiş dövlətlər hədəflənən məqsədlərə nail olurlar. Lakin burada əsas məqam iqtidarın siyasi kursunun milli və dövlətçilik maraqlarına uyğun olması və düzgün strateji kursun həyata keçirilməsidir.

Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu çoxşaxəli inkişaf və sabitliyi təmin edib. Siyasi, iqtisadi, hərbi, sosial, ekoloji və digər istiqamətlərdə təhlükəsizliyin təmin olunması strateji maraqların gerçəkləşməsinə və inkişaf dinamikasının davam etməsinə əlverişli şərait yaradıb. Şübhəsiz, hər bir ölkənin milli təhlükəsizliyi müxtəlif istiqamətlərdə təhdid ünsürlərinin neytrallaşdırılması və neqativ faktorlarla mübarizə metodlarının düzgün müəyyənləşdirilməsindən asılıdır. Azərbaycanda milli təhlükəsizliyin təmin olunmasına konseptual yanaşma mövcuddur və təhdid ünsürləri effektiv vasitələrləneytrallaşdırılmaqdadır.

Beləliklə, əldə edilən nailiyyətlərin əsasında düşünülmüş siyasət dayanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Düşünülmüş siyasət olan yerdə inkişaf da var. Azərbaycanda düşünülmüş siyasət aparılır. Məhz buna görə biz bütün bölgədə, dünyada yaşanan böhranlı şəraitdən, sınaqdan şərəfli çıxırıq. Həmişə demişəm, Azərbaycan sabitlik, təhlükəsizlik məkanıdır. Azərbaycan vətəndaşı təhlükəsizlik şəraitində yaşayır və yaşamalıdır, sabitlik şəraitində yaşayır və yaşamalıdır. Ancaq ölkə bu təqdirdə inkişaf edə bilər. Harada ki, təhlükəsizlik, sabitlik pozulur, orada ölkə dağılır, iqtisadiyyat çökür, sosial problemlər yaşanır və başqa xoşagəlməz hallar üzə çıxır”.

Bəli, Azərbaycanın bu gün milli gücünü artıran əhəmiyyətli amillərdən biri də məhz möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Ölkəmizdə mövcud olan milli həmrəylik, xalq- iqtidar birliyi də Azərbaycanın milli gücünün artmasında ifadə olunur.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi bütün sahələrdə olduğu kimi, diplomatiya sahəsində də uğurlarımızı şərtləndirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Nəticədə Ermənistanın işğalına son qoyuldu və prezident İlham Əliyev böyük şahmat oyununda sülh danışıqları zamanı Azərbaycana edilən təkliflərdən daha çoxunu əldə etdi. Qarabağ kimi çox çətin problemi həll edərək Ermənistanı, ümumdünya erməni diasporunu, erməni kilsəsini və onların havadarlarını diz üstə çökdürərək reallığı qəbul etməyə sövq etdi. 300 ilə yaxın idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etməyə müvəffəq oldu. İlham Əliyevin Ermənistan üzərində parlaq qələbə əldə etməsi, həm də onun hakimiyyətə gəlişindən sonra apardığı praqmatik, sistemli siyasi kurs, uzaqgörən xarici diplomatiyanın bəhrəsi idi. Prezident İlham Əliyev sübut etdi ki, dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Prezident İlham Əliyev sübut etdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. O həm də sübut etdi ki, Azərbaycan kimi çətin coğrafi mövqedə yerləşən türk-müsəlman dövlətinin taleyi onun liderindən çox asılıdır.

Xalqın etimadını qazanmaqla tam mənada tarixi şəxsiyyətə çevrilən Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə və nüfuzunun artmasına xidmət edir. Dövlət başçısının məqsədyönlü siyasi-diplomatik fəaliyyəti, Azərbaycanın siyasi-iqtisadi müstəqilliyinin daha da möhkəmlənməsi istiqamətində həyata keçirdiyi mühüm tədbirlər, qəbul etdiyi strateji proqramlar, Heydər Əliyev siyasətinin və ideyalarının ardıcıl və dönməz şəkildə gerçəkləşdirilməsi xətti Azərbaycan xalqının xoşbəxt, firavan sabahına, müstəqilliyimizin əbədiliyinə inamı qat-qat artırmışdır. Bu fəaliyyət və siyasət xalq tərəfindən bəyənilir və dəstəklənir.

 

Gülər Əjdərzadə

Mingəçevir Dövlət Universiteti

Humanitar fənlər kafedrasının müəllimi