Mingəçevir Dövlət Universitetində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş elmi konfrans keçirilib

2025-ci ilin 12 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın taleyini dəyişən zəfər tarixi: 15 İyun 1993-cü il” mövzusunda elmi konfrans keçirilib. Universitetin ikinci korpusunun akt zalında keçirilən konfransda MDU-nun akademik-inzibati heyət üzvləri və tələbələr iştirak ediblər.

Öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş nitqi ilə açan MDU-nun rektoru Anar Eminov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində müstəsna rol oynadığını vurğulayıb. O, qeyd edib ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizi vətəndaş qarşıdurmasından, parçalanma və dağılma təhlükəsindən xilas edib, sabitliyin və inkişafın əsasını qoyub. Rektor bu tarixin yalnız bir siyasi dönüş nöqtəsi deyil, eyni zamanda Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi yolunda atılmış qətiyyətli bir addım olduğunu xüsusi vurğulayaraq konfransın işinə uğurlar arzulayıb.

Açılış nitqindən konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU-nun Təhsil fakültəsinin müdiri Nizami Zeynalov “15 iyun – Milli Qurtuluş Günü: Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi”, Mexanika kafedrasının müdiri, 44 günlük Vətən müharibəsinin iştirakçısı Mahir İsmayılov “Qurtuluşdan başlanan Zəfər tariximiz”, universitetin müəllimlərindən Xədicə Abdullayeva “Heydər Əliyev ideyaları müasir Azərbaycan dövlətinin inkişaf və tərəqqi konsepsiyasıdır” və baş müəllim Ayna Babazadə “Milli ədəbiyyatımızda milli özünüdərk və milli oyanış” mövzularında məruzələrlə çıxış ediblər.

Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, müzakirələr aparılıb.

Qeyd edək ki, MDU-da milli bayramlar və əlamətdar tarixlər mütəmadi olaraq müxtəlif formatlı tədbirlərlə qeyd olunur, tələbələrin və akademik heyətin milli-mənəvi dəyərlər əsasında maarifləndirilməsi daim diqqət mərkəzində saxlanılır.