2024-cü ilin mayın 3-də Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda Respublika elmi konfransı işə başlayıb.
Əvvəlcə, Ulu Öndərin MDU-nun inzibati binasındakı abidəsi önünə gül dəstələri düzülüb.
Konfrans Ümummilli liderimiz Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında iştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov dahi şəxsiyyətə həsr olunmuş respublika miqyaslı elmi konfransın önəmindən bəhs edib. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında fədakar, misilsiz və əvəzsiz xidmətləri olmuş Heydər Əliyev kimi tarixi şəxsiyyətin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəslə çatdırmaq və geniş ictimaiyyət arasında təbliğ etmək hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin və ziyalıların şərəfli vəzifələrindəndir. Hazırda yeni dövrün universitetinə çevrilməyi hədəfləyən, yüksəkixtisaslı mütəxəssis və layiqli vətəndaş hazırlamaq missiyasını reallaşdırmağa çalışan MDU bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır.
Ümummilli liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyini bildirən rektor ümumilikdə konfransa 33 ali təhsil və elmi tədqiqat müəssisəsindən 230-dan artıq tezisvvə məqalənin daxil olduğunu diqqətə çatdırıb. O, konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.
Mingəçevir ŞİH-nin başçısı İ.İsmayılov konfrans iştirakçılarını, eləcə də hörmətli milllət vəkilini, akademikləri şəhər ictimaiyyəti adından salamlayıb. “Heydər Əliyev – Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi” mövzusunda məruzə ilə çıxış edən İ.İsmayılov elm və təhsilin inkişaf etdiyi Mingəçevirdə ulu öndərin bütövlükdə, millətinə, xalqına, Vətəninə və dövlətinə həsr etmiş mənalı və zəngin ömrünün, müqəddəs amallar uğrunda göstərmiş olduğu müstəsna fəaliyyətinin öyrənilməsi sahəsində mühüm işlər görüldüyünü vurğulayıb. Bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. İ.İsmayılov qeyd edib ki, məhz dahi rəhbərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini, deputat Əli Hüseynli “Heydər Əliyev – Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi” mövzuda məruzə edib. Ə.Hüseynli geniş və məzmunlu çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinə verdiyi töhfələri qeyd edib. O, dahi şəxsiyyət Heydər Əliyevin siyasi bacarıqlarının və ölkəmizə rəhbərlik etdiyi dövrlərdə əldə etdiyi uğurların Azərbaycanın dövlətçilik tarixinin mühüm bir hissəsi olduğunu vurğulayıb. Deputat, keçmiş Sovet dönəmində Heydər Əliyevin sayəsində Azərbaycanın digər respublikalarla müqayisədə daha müstəqil mövqe nümayş etdirdiyini bildirib. Ə.Hüseynli müstəqil Azərbaycanın qurulmasında və inkişafında Heydər Əliyevin misilsiz xidmətlərinin daim araşdırılmasının və onun zəngin irsini gələcək nəsillərə düzgün çatdırmağın vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov “Heydər Əliyev və Azərbaycan elminin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. Akademik A.Həşimov, Heydər Əliyevin Azərbaycanda elmin hərtərəfli inkişafına xidmət edən düşünülmüş siyasətinin ölkəmizdə milli kadr potensialının formalaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. O, Ümummilli Liderin dövlət idarəçiliyində elmi əsaslandırmalara mühüm önəm verdiyini, elmə və elm adamlarına güclü dəstək göstərdiyini, Azərbaycan elminin beynəlxalq arenada tanınmasına yönələn səylərini təqdir edib. A.Həşimov, Heydər Əliyevin elmin inkişafına xüsusi həssaslıqla yanaşdığını və bu sahədə əldə edilən uğurların hazırda Azərbaycan elminin inkişafında əsaslı rol oynadığını qeyd edib. Akademik, Heydər Əliyevin şəxsi təşəbbüsləri ilə Azərbaycan Milli Elmlər Akademiyasının müasir avadanlıqlarla təchiz edildiyini və nəticədə elm sahəsində böyük irəliləyişlərin əldə edildiyini söyləyib. A.Həşimov tədbir iştirakçılarını Ümummilli Liderin zəngin irsindən faydalanmağa dəvət edib.
AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda məruzəsini təqdim edib. Akademik M.İmanov Ulu öndər Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyət dönəmlərində milli dəyərlərin qorunması və təbliğində göstərdiyi liderlik qabiliyyətlərini təsvir edib. Xüsusilə, dil, ədəbiyyat, mədəniyyət və incəsənət kimi sahələrdə görülən işlərə toxunan akademik bu dəyərlərin Azərbaycanın tanıtımında və milli ideologiyasının formalaşmasında mühüm rol oynadığını vurğulayıb. M.İmanov, Heydər Əliyevin Dədə Qorqud Dastanının 1300 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi təşəbbüsünü və Azərbaycan dilinin dövlət dili olaraq təsdiqlənməsi kimi tarixi qərarlarını diqqətə çatdırıb. Akademik, bu siyasətin müasir dönəmdə də davam etdirildiyini və Azərbaycanın beynəlxalq aləmdə tanınmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Bu çərçivədə, milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasının zəruriliyini qeyd edən akademik, gənclərin bu dəyərlərə hörmət ruhunda tərbiyə edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
“AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini, dosent Aytək Babayeva “Heydər Əliyev – innovativ texnologiyaların Azərbaycan Enerji sistemində tətbiqi bazasının qurucusudur” mövuzusunda məruzə ilə çıxış edib. A.Babayeva, Heydər Əliyevin energetika sektorunda həyata keçirdiyi islahatların Azərbaycanın tərəqqisindəki rolunu vurğulayıb. Dosent, Ulu öndərin 1970-ci illərdə yerli imkanlarla respublikanın enerji tələbatını ödəmək məqsədi ilə həyata keçirdiyi genişmiqyaslı fəaliyyətlərdən, o cümlədən nəhəng enerji qurğularının və elektrik stansiyalarının yaradılması istiqamətində uğurlarından danışıb. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin müasir texnologiyaların tətbiqi ilə energetika sahəsini daha da müasirləşdirdiyini qeyd edən A.Babayeva bu yeniliklərin gələcək nəsillər üçün daha səmərəli və dayanıqlı enerji təminatına ciddi zəmin yaratdığını ifadə edib.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi” mövzunda məruzə edib. O, çıxışında Azərbaycançılıq məfkurəsinin formalaşmasında və inkişafında Ümummilli Liderin əvəzsiz rolunu vurğulayıb. B.Mustafayev, Heydər Əliyevin siyasi irsinin və onun azərbaycançılıq ideologiyasının müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyduğunu diqqətə çatdırıb. B.Mustafayev həmçinin, Ümummilli liderin xalqın və milli dövlətçilik ideyasının inkişafı üçün göstərdiyi səylərin hazırda Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafında mühüm təsirə malik olduğunu vurğulayıb. Heydər Əliyevin “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” sözlərini xatırladan B.Mustafayev dahi şəxsiyyətin dövlətçilik ideyalarının hər bir Azərbaycan vətəndaşının qəlbində yaşadığını bildirib.
İştirakçıların böyük marağına səbəb olan plenar iclasdan sonra, konfrans 9 bölmə iclası ilə işini davam etdirib. “Heydər Əliyev siyasi liderliyin nümunəsidir”, “Müstəqil Azərbaycanın iqtisadi inkişafında Heydər Əliyevin tarixi xidmətləri”, “Heydər Əliyev irsi gənclər üçün tükənməz xəzinədir”, “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev: elm və təhsilin böyük himayədarı”, “Heydər Əliyevin mədəniyyətə, ədəbiyyata və dilçiliyə qayğısı” adlı bölmələrdə müvafiq mövzularda məruzələr dinlənilib. Maraqlı məruzələr ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Mingəçevirdə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilir və bu məqsədlə müxtəlif formatlı tədbirlərin təşkili diqqət mərkəzində saxlanılır.