2023-cü il martın 16-da Mingəçevir Dövlət Universitetin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası” mövzusunda elmi konfrans keçirilib. Konfransda İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Konfransın açılışında fakültənin dekanı Nüşabə Qədimli çıxış edib. Dünya şöhrətli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin bütün ömrünü Azərbaycana və onun parlaq gələcəyinə həsr etdiyini qeyd edən N.Qədimli tələbə gənclərin Ulu Öndərin zəngin irsinin öyrənilməsinə böyük maraq göstərmələrini təqdirəlayiq hal kimi qiymətləndirib və konfransın işinə uğurlar arzulayıb.
Sonra tələbələrin məruzələri dinlənilib. İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Rüstəm Əliyev və Qönçələr Şükürova “Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və konsepsiyası”, Namiq Qədimli və Cəmilə İsmayılova “Heydər Əliyev Azərbaycanın iqtisadi sisteminin qurucusudur “, Elbrus Quluzadə “Müasir Azərbaycanın qurucusu: Heydər Əliyev”, Babək Mirzəliyev “Sosial siyasətin Azərbaycan modeli” və Dağlar Babayev “Azərbaycan sənayesinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda çıxış ediblər.
Daha sonra, Nicat Məmmədov “Heydər Əliyev və Azərbaycanın qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası”, Könül Ərəbova “Heydər Əliyevin regional inkişaf siyasəti”, Səbinə Rəhimova “Azərbaycanda turizmin inkişafında Heydər Əliyev siyasətinin rolu”, Gülgəz İslamova “Azərbaycanda ekoloji turizmin inkişafı perspektivləri” və Rəcəb Tanrıverdiyev “Heydər Əliyev siyasi kursunun müəyyən etdiyi inkişaf və tərəqqi yolunun alternativsizliyi” mövzularında məruzələrini təqdim ediblər.
Məruzələr iştirakçılar tərəfindən maraqla qarılanıb. Konfransın yekununda çıxış edən MDU-nun Elm və innovasiyalar şöbəsini müdiri Vüqar Mustafayev və TEC-in sədri Günəş Şəfaqətov tələbələrin məruzələrini müsbət dəyərləndirib və müvafiq tövsiyələrini bildiriblər.
Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində MDU-da müxtəlif formatlı tədbirlər həyata keçirilir.