14 fevral 2025-ci il tarixində institusional akkreditasiya prosesinin hazırlığı çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) təşkilat komissiyasının növbəti iclası keçirilib.
İclasda universitet rəhbərliyi, kafedra və şöbə müdirləri, eləcə də tyutorlar iştirak ediblər.
MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov iclasın açılışında, akkreditasiya prosedurunun əhəmiyyətini vurğulayaraq, Azərbaycanın Təhsil Nazirliyi və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiya Qaydaları”nın tələb və meyarları barədə iştirakçılara ətraflı məlumat verib. O, hesabatın hazırlanması və sənədlərin müvafiq qaydalara uyğun tərtib olunması məsələsinin vacibliyini önə çəkib.
İclasda komissiya üzvləri hazırkı işlər barədə məlumat verərək, qarşıda duran vəzifələrin müzakirəsi üçün fikir mübadiləsi aparıblar. Görülən işlər və növbəti mərhələlər haqqında ətraflı müzakirələr aparılıb, gələcək işlərin koordinasiyasının daha da gücləndirilməsi qərara alınıb.
Bu iclas MDU-nun 2025-ci il akkreditasiya prosesinin uğurla başa çatdırılması üçün mühüm addımlardan biri sayılır.