21 fevral Beynəlxalq Ana dili Gününə həsr olunan “Ana dilimiz: milli kimliyimiz!” mövzusunda dəyirmi masa

2025-ci il fevralın 20-də Mingəçevir Dövlət Universitetinin Humanitar fənlər kafedrasının nəzdində fəaliyyət göstərən “Ədəbiyyat” dərnəyində “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş “Ana dilimiz: milli kimliyimiz!” mövzusunda dəyirmi masa keçirilib. Humanitar fənlər kafedrasının “Ədəbiyyat” dərnəyinin təşkilatçılığı ilə keçirilən seminarda universitetin bir qrup professor-müəllim heyəti, dərnəyə üzv tələbələr iştirak edib. Tədbiri giriş sözü ilə açan Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Beynəlxalq Ana Dili Günü” münasibətilə iştirakçıları təbrik edib, beynəlxalq səviyyədə qeyd edilən bu günün əhəmiyyətindən söhbət açıb. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafında göstərdiyi misilsiz xidmətlərdən bəhs edən kafedra müdiri hazırda ana dilimizin qorunması və zənginləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsinin dövlətin daim diqqət mərkəzində olduğunu bildirib. Tədbir açıq elan edildikdən sonra “21 Fevral Beynəlxalq Ana Dili Gününə” həsr edilmiş videoçarx nümayiş etdirilib. Daha sonra dərnək üzvlərindən “Filologiya” ixtisası birinci kurs, Fil 24 qrup tələbələri Aytac Cumayeva “Ana dili mənəvi varlığımızdır”, Sevinc  Əliyeva “Azərbaycan dilinin beynəlxalq səviyyədə tanıdılması və təbliği, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üçüncü kurs, AƏ2.2 qrup tələbəsi Emin Abdullayev “Qloballaşma şəraitində Azərbaycan dilinin saflığının qorunmasında gənclərin rolu”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası birinci kurs, AƏ24.1 qrup tələbəsi Rəvan Abdullayrev “Heydər Əliyevin uğurlu dil siyasəti”, “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası birinci kurs, AƏ24.1 qrup tələbəsi Bəyim Sadıqzadə “Ümummilli liderimiz Heydər Əliyevin dil siyasətinin layiqli davamçısı” adlı məruzələrlə çıxış ediblər. Təqdim edilən məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu çərçivəsində müzakirələr aparılıb. Həmçinin, çıxışlar zamanı tələbələr üçün maarifləndirici təqdimat da nümayiş etdirilib.

Dəyirmi masanın bədii hissəsində dərnək üzvlərindən AƏ23.2 qrup tələbəsi Samirə Məmmədova, AƏ23.1 qrup tələbəsi Fatimə Məmmədova və Fil24 qrup tələbəsi Şəbnəm Əliyeva ana ilinə həsr edilmiş şeirlər səsləndiriblər.

Tədbirin sonunda tələbələrə tövsiyələr verilib və gələcək fəaliyyətlərində uğurlar arzulanıb.