MDU-da şəkərli diabet xəstəliyi və onun müalicəsi üsulları təlimi keçirilib
27 may 2019-cu il tarixdə Mingəçevir Dövlət Universitetində “Tələbələr arasında şəkərli diabet xəstəliyi, onun aradan qaldırılması sahəsində maarifləndirici təlim keçirilmişdir. Təlimdə Mingəçevir Dövlət Universitetinin “Tibb məntəqəsinin” işçiləri Solmaz Fərhadova və Məhəbbət Mehtiyeva tərəfindən şəkərli diabet xəstəliyi, ona düçar olma hallarından bəhs ediblər.
Solmaz Fərhadova bildirib ki, Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə) mütləqdir.
Təlimçi S.Fərhadova qeyd edib ki, hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir. Beynəlxalq Diabet Federasiyasının (IDF) məlumatına görə 187 milyondan çox insan isə hələdə diabet olmasından xəbərsizdir. Şəkərli diabetin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də çox qabardır. Məhz bu baxımdan Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il 14 noyabr Ümumdünya diabet günü kimi qeyd olunur. 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı xüsusi bəyannamə qəbul edib və bu sənəddə şəkərli diabeti “ağır xroniki xəstəlik” kimi səciyyələndirib. Solmaz Fərhadova ölkəmizdə də şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlara dövlət qayğısı göstərildiyini və bununla bağlı müvafiq qanun və dövlət proqramları qəbul edildiyini qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 dekabr 2003-cü il tarixli sərəncamı “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanunu, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli 15 nömrəli qərarı da dediklərimizin bariz nümunəsi olduğunu vurğulayıb.
Tibb işçisi Məhəbbət Mehtiyeva xəstəliyin ilkin əlamətlərindən geniş bəhs edib, onun aradan qaldırılması istiqamətində həkimə müraciət etməzdən öncə görülə biləcək ilkin, təcili təxirəsalınmaz tədbirlər haqqında tələbələrə ətraflı məlumat verib.
Məhəbbət Mehtiyeva bu xəstəliyin daşıyıcıları pəhrizə əməl etmələrini vacib şərt sayıb. Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralması olduğunu bildirib. Onlar kartofu kabab kimi və ya buxarda bişirib yeyə bilərlər. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.
Təlimçi Məhəbbət Mehtiyeva xəstələrin şəkərə olan ehtiyacını təmin etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasib olduğunu bildirib. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30q abqora içsələr, onların şəkəri aşağı düşər. Onlara çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək məsləhət görüldüyünü bildirib. M.Mehtiyeva şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməli olduğunu vurğulayıb. Belə xəstələr tez-tez susuzluqdan şikayət edirlər. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yarandığını qeyd edib. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib işlədirlər. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq hallarında istifadə edildiyini bildirib.
Təlimçi Məhəbbət Mehtiyeva yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalı olduğunu məsləhət edib. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluğu yatırmaqda sınanmış meyvələrdən hesab edildiyini bildirib. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya narıngidən hazırlanmış çox şirin olmayan şərbətdir. O, həmçinin bildirib ki, susuzluğu aradan qaldırmaqda ayran sınanmış bir içkidir.
Sonda mövzu ilə bağlı tələbələri maraqlandıran və onlarda narahatçılıq doğuran suallar cavablandırılıb.
{phocagallery view=category|categoryid=154|limitstart=0|limitcount=0}