Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə dördüncü Azərbaycan Karyera İnkişaf Forumu keçirilib

19 dekabr 2024-cü ila tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə dördüncü Azərbaycan Karyera İnkişaf Forumu keçirilib.

Mingəçevir Dövlət Universiteti Təcrübə və karyera inkişafı mərkəzinin əməkdaşı Razim Qurbanov sözügedən Forumda iştirak edib.

Forumun açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını, hər bir ölkədə insan rifahında  ən önəmli faktorun məşğulluğun təminatı olduğunu qeyd edib. Nazir məşğulluğun təminatı prosesində əsas istiqamətlərdən birinin insan resurslarının daim güclənən milli iqtisadiyyata, daim dəyişən əmək bazarının tələblərinə uyğun olaraq inkişaf etdirilməsi olduğunu bildirib.

Azərbaycan Karyera İnkişaf Forumunun hesabat videosu yayımlanıb. Sonra Forumun rəsmi panel sessiyası başlayıb.  Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyevin moderatoru olduğu paneldə spikerlər – əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov əmək bazarının hazırkı vəziyyəti, təhsildə effektiv öyrənmə mexanizmləri və inkişaf yolları ilə bağlı çıxışlar edib, sualları cavablandırıblar.

Forumda “Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” adlı panellər üzrə yerli və xarici spikerlərin iştirakı ilə müzakirələr baş tutub.