Mingəçevir Dövlət Universitetinin Ekologiya ixtisası üzrə təhsil alan tələbələri tərəfindən Mərkəzi Aran bölgəsinin müxtəlif ərazilərindən götürülmüş su nümunələrinin laborator analizləri həyata keçirilib. Aparılan tədqiqatlar tələbələrin praktiki hazırlığının gücləndirilməsi, regionun su ehtiyatlarının vəziyyətinin qiymətləndirilməsi və ekoloji monitorinq bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.
Tədqiqat çərçivəsində Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir, Hacıqabul, Göyçay və Zərdab rayonlarının müxtəlif yaşayış məntəqələrindən götürülmüş su nümunələri müasir laborator üsullarla analiz olunub. Analiz zamanı suyun pH göstəricisi, elektrik keçiriciliyi (E/k), ümumi codluğu, kalsium (Ca²⁺), maqnezium (Mg²⁺), hidrokarbonatlar (HCO₃⁻), xloridlər (Cl⁻), oksidləşmə-reduksiya potensialı (Eh), C (mol/l) və minerallıq göstəriciləri müəyyən edilib.
Aparılmış laborator tədqiqatlar tələbələrə suyun keyfiyyətinin qiymətləndirilməsi, analitik avadanlıqlarla işləmə, nəticələrin müqayisəli təhlili və ekoloji monitorinq metodlarının tətbiqi istiqamətində praktiki bilik və bacarıqlar qazandırıb. Layihə eyni zamanda tətbiqyönümlü ekoloji təhsilin təşviqi və regionun təbii resurslarının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Tədqiqat nəticələrinə əsasən müəyyən olunub ki, Mərkəzi Aran bölgəsində suyun keyfiyyəti ərazilər üzrə fərqlənir. Mingəçevir, Ucar, Göyçay və Yevlax istiqamətlərindən götürülən nümunələrdə əsas göstəricilər ümumilikdə normal intervalda qeydə alınıb və sular istifadəyə uyğun qiymətləndirilib. Ağdaş və Kürdəmir ərazilərində isə minerallıq və elektrik keçiriciliyi göstəricilərinin daha yüksək olması suda həll olmuş mineral maddələrin çoxluğunu göstərib.
Ən yüksək göstəricilər Zərdab rayonunun Gödəkqobu ərazisindən götürülmüş su nümunəsində müşahidə olunub. Burada elektrik keçiriciliyi, codluq və minerallıq səviyyəsinin yüksək olması suyun duz və mineral maddələrlə zəngin olduğunu ortaya qoyub. Mütəxəssislərin rəyinə əsasən, belə suların uzunmüddətli istifadəsi insan sağlamlığına və su ekosistemlərinə müəyyən mənfi təsirlər göstərə bilər.
Araşdırma nəticələri göstərir ki, bəzi ərazilərdə su ehtiyatlarının mütəmadi monitorinqinin aparılması vacibdir. Bu cür elmi-praktiki fəaliyyətlər tələbələrin ekoloji düşüncə tərzinin formalaşdırılmasına, dayanıqlı inkişaf prinsiplərinin təşviqinə və regionun ekoloji vəziyyətinin qiymətləndirilməsinə mühüm töhfə verir.
Tədqiqatlar Mingəçevir Dövlət Universitetində tətbiqyönümlü təhsil modelinin inkişaf etdirilməsi, tələbələrin real ekoloji problemlərin həllinə cəlb olunması və elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsi kimi qiymətləndirilir.