Mingəçevir Dövlət Universitetinin əməkdaşları təbliğat-təşviqat işlərilə bağlı Oğuz rayonunun tam orta təhsil məktəblərində abituriyentlərlə görüş keçirib

13 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları Oğuz rayonunda abituriyentlərlə görüş keçirib. Universitetin Daxili Nəzarət şöbəsinin müdiri Elçin Əliyev, İnformasiya texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva, Fizika və Ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova və Biznes və Menecment kafedrasının müəllimi Saqib Məmmədov Oğuz rayonu Həbib Babayev adına 1 nömrəli tam orta məktəbdə və Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə abituriyentlərlə görüş keçiriblər. Görüşün əsas məqsədi abituriyentlərə MDU-nun təklif etdiyi təhsil imkanları, akademik proqramlar, tələbə həyatı və gələcək karyera perspektivləri haqqında ətraflı məlumat vermək olub. Görüşdə universitetin kadr hazırlığı üzrə ixtisasları, yerli və beynəlxalq əlaqələri, laboratoriyaları, tələbə klubları, dərnəklər müxtəlif tədqiqat mərkəzləri kitabxana və idman sahələri ilə bağlı mövzular geniş şəkildə təqdim olunub. Abituriyentlərə universitetin tələbələr üçün yaratdığı imkanlar və tədrisin gedişi haqqında vizual materiallarla dolu təqdimatlar göstərilib. Görüşün sonunda universitetin əməkdaşları abituriyentləri maraqlandıran sualları cavablandıraraq, təhsil almaq istədikləri ixtisaslar üçün lazım olan bilik və bacarıqlar haqqında məlumat veriblər. MDU-nun daha yaxşı tanıdılması və abituriyentlərin universitet haqqındakı düşüncələrinin öyrənilməsi üçün sorğu keçirilib. Sorğuda şagirdlərə universitet haqqında öncədən bilgiləri, gələcəkdə hansı ixtisası seçmək istədikləri, universitetdə görmək istədikləri yeniliklər, təhsil keyfiyyəti haqqında gözləntiləri kimi mövzular barədə suallar təqdim edilib. Sorğunun nəticələrinə əsasən, abituriyentlərin əksəriyyəti informasiya texnologiyaları, təhsil, mühəndislik və iqtisadiyyat sahələrinə maraq göstərib. Abituriyentlərin böyük hissəsi MDU-nu sosial şəbəkələr və tanışlarının tövsiyələri vasitəsilə tanıdıqlarını, universitet seçimində isə təhsil keyfiyyəti və müasir laboratoriyaların mövcudluğunun əsas amil olduğunu bildiriblər. Bununla yanaşı, tələbələr xaricdə təhsil və mübadilə proqramlarının genişləndirilməsini, müasir infrastruktur, yeni laboratoriyaların yaradılmasını və praktiki təcrübə imkanlarının artırılmasını əsas gözləntiləri kimi qeyd ediblər.