Mingəçevir Dövlət Universitetində “Məzun Günü-2024” tədbiri keçirilib

2024-cü ilin 25 iyununda Mingəçevir Dövlət Universitetində (MDU) ˝Məzun Günü-2024˝ tədbiri keçirilib. Universitetin həyətində açıq havada təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, YAP Mingəçevir şəhər təşkilatının sədri, “Azərbaycan İES” MMC-nin direktoru, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik-inzibati heyət üzvləri, professor-müəllimləri, tələbələr, magistrantlar və onların valideynləri iştirak ediblər.

Öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalov tədbir iştirakçılarını salamlayıb, məzunları, onların valideynlərini və müəllimlərini təbrik edib, xoş arzu və istəklərini çatdırıb. Bu əlamətdar gündə MDU ailəsi üzvləri ilə bir arada olduqlarına görə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısına və digər qonaqlara təşəkkürünü bildirib.

Ü.Zeynalov cari ildə magistratura səviyyəsi üzrə 69 magistrant olmaqla ümumilikdə 750 tələbənin universitetdən məzun olduğunu diqqətə çatdırıb. O, geridə qoyduğumuz akademik il ərzində tələbə və məzunların uğurlarından bəhs edərək MDU-da yüksək səviyyədə kadr hazırlığının aparıldığını vurğulayıb və gənclərin ali məktəbdə qazandığı bilik və təcrübələr sayəsində həm yaxşı mütəxəssis, həm də layiqli vətəndaş kimi Vətənimizin hərtərəfli inkişafına əhəmiyyətli töhfələr verəcəyini bildirib.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov universitet həyatında önəmli hadisələrdən olan Məzun Günü münasibətilə MDU ailəsi üzvlərini, xüsusilə də günün səbəbkarlarını təbrik edib. O, MDU-nun modernləşmə istiqamətində atdığı mühüm addımların və əldə etdiyi çoxsaylı uğurların şəhər və ətraf rayonların ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandığını bildirib. MDU-nun sabiq rektoru Şahin Bayramovun möhtərəm prezidentimizin müvafiq sərəncamı ilə Qarabağ Universitetinə rektor təyin edilməsinə diqqət çəkən İ.İsmayılov doğma Qarabağa ən yaxın universitetlərdən olan MDU-nun bu gün çoxşaxəli fəaliyyətləri ilə şəhərin ictimai həyatında özünəməxsus və fəal mövqeyi ilə fərqləndiyi kimi, işğaldan azad olunmuş ərazilərin dirçəldilməsində də mühüm rol oynayacağına inandığını vurğulayıb.

Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev,  “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynov, MDU TEC-in sədri Günəş Şəfaqətov, MDU-nun qonaq professorları Cemal Yılmaz və Evren Gecer məzunlara təbriklərini və xoş arzularını çatdırıb, gənclərin universitetdən sonrakı həyatlarında müasir dövrün tələblərinə uyğun olaraq bilik və bacarıqlarının davamlı artırılmasını diləyib, nailiyyətlər arzulayıblar.

Şəhid ailələri adından çıxış edən şəhid Qorxmaz İsgəndərovun atası İsgəndər İsgəndərov MDU ailəsinin şəhid məzunları heç zaman unutmadığını, şəhid ailələrilə mütəmadi əlaqə saxladığını diqqətə çatdırıb və bu səbəbdən MDU kollektivinə dərin təşəkkürünü bildirib. O, gənclərin bir mütəxəssis kimi yetişməsində böyük əməyi olan müəllimlərin zəhmətini yüksək qiymətləndirib və günün səbəbkarları olan məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıb.

Sonra bir qrup məzun yoldaşları adından ötən illər ərzində onların üzrərində böyük əməyi olan MDU ailəsinə, sevimli müəllimlərinə səmimi hisslərini çatdırıb, dərin təşəkkürlərini bildiriblər. Bu ali təhsil ocağında əldə etdikləri bilik və bacarıqlar sayəsində ölkəmizə layiqli bir vətəndaş kimi xidmət edəcəklərini, onlara olan etimadları doğruldacaqlarını əminliklə ifadə ediblər.

Açılış nitqlərindən sonra akademik göstəricilərinə və universitetin ictimai həyatında iştirakına görə fərqlənən məzunlar, eləcə də cari tədris ilində bu ali təhsil müəssisəsinin müasirləşməsi və inkişafında fəallıq göstərən MDU-nun qonaq professorları fəxri fərmanlarla təltif edilib və xatirə şəkilləri çəkdirilib.

Rəsmi hissədən sonra tədbir bədii və əyləncəvi hissə ilə davam edib. MDU-nun məzun tələbə və magistrantlarının təqdimatında müxtəlif mahnılar və rəqslər ifa olunub.

Sonda atəşfəşanlıqla başa çatan Məzun Günü iştirakçıların böyük sevincinə səbəb olub.