Mingəçevir Dövlət Universiteti Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib

2022-ci ilin 30 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının cari tədris ilində yekun iclası keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclasda MDU-nun rektoru Şahin Baramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

İclasda “MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi haqqında”, “Tələbə vətənpərvərlik inkişafı sahəsində görülən işlər haqqında”, “Karyera inkişafının təşkili haqqında” və “2021-2022-ci tədris ilində MDU Elmi Şurasının qərarlarının icra vəziyyəti haqqında” hesabatlar dinlənilib. Aparılan müzakirələrdən sonra hesabatlar qəbul olunub.

Sonra, Qazi Universitetindən gələn qonaq professorlar Ercan Nurcan Yılmaz və Cemal Yılmaz cari tədris ilində MDU-dakı fəaliyyətləri barədə məlumat veriblər. Cari tədris ilinin sonunda fəaliyyət müddətlərinin başa çatacağını diqqətə çatdıran professorlar qardaş ölkənin universitetinin uğurlarında pay sahibi olmaqdan qürur duyduqlarını bildirib və MDU kollektivi ilə bir arada çalışmaqdan məmnunluqlarını ifadə ediblər. Qonaq professorların MDU-nun modernləşməsi işinə verdiyi töhfələri yüksək qiymətləndirən Elmi Şuranın üzvləri əməkdaşlığın davamlı olacağına inandıqlarını söyləyiblər və onlara uğurlar arzulayıblar.

Daha sonra, dərs vəsaitinin nəşr olunması haqqında Elmi-Metodiki Şuranın təklifi müzakirəyə çıxarılıb və qəbul olunub.

2021/2022-ci tədris ilinin uğurla başa çatması münasibəti ilə Şura üzvlərini təbrik edən rektor cari tədris ilində universitet həyatında baş verən önəmli hadisələri diqqətə çatdırıb. Müxtəlif fəaliyyət istiqamətləri üzrə universitetdə əldə edilən nailiyyətlərdən bəhs edən Ş.Bayramov Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Qazi Universitetinin iki professorunun MDU-da fəaliyyət göstərməsini, universitetdə ilk beynəlxalq elmi konfransın keçirilməsini, “TEKNOFEST Azərbaycan” festivalında uğurlu iştirakı, ilk dəfə Təhsil Nazirliyinin qrantının qazanılmasını, universitetin 8 əməkdaşının qardaş ölkədə təlim və təcrübəyə qatılmasını, yerli və xarici tərəfdaş universitetlərlə birgə beynəlxalq konfranslarda tərəfdaşlığın və təşkilatçılığın həyata keçirilməsini və ölkəmizin ən böyük transmilli şirkəti olan SOCAR ilə əməkdaşlığın əsasının qoyulmasını xüsusi olaraq vurğulayıb.

İyunun 28-də təhsil naziri Emin Əmrullayevin MDU-ya gəlişini əldə edilən uğurların məntiqi nəticəsi kimi dəyərləndirən rektor ziyarət çərçivəsində nazirin MDU-da Kiber Təhlükəsizlik Laboratoriyasının açılışında, magistrantların “Poster Sessiyası”nda və “Məzun Günü 2022” tədbirində iştirakını, yeni kampus üçün ayrılmış əraziyə baxış keçirməsini və kollektiv üzvləri ilə görüşünü universitet üçün əlamətdar hadisə kimi dəyərləndirib, göstərilən diqqət və dəstəyə görə bir daha minnətdarlığını bildirib.

Cari məsələlərə baxılması ilə davam edən iclasda növbəti tədris ilində dərs yükünün bölünməsi, mövcud tədris-metodiki vəsaitlərin yenilənməsi, yeni dərslik və dərs vəsaitlərinin hazırlanması, elmi məqalələrin sayının artırılması, akademik və inzibati heyət üzvlərinin potensialının inkişafı və digər məsələlər müzakirə edilib.