14 yanvar 2025-ci tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsi (MARTİ) arasında 2025-ci il üçün nəzərdə tutulan birgə Fəaliyyət Planını hazırlayan İşçi qrupun növbəti iclası keçirilib. Görüşdə hər iki qurumun əməkdaşlıq perspektivləri və regionun sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə müxtəlif təkliflər müzakirə olunub.
Öncə Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, tədris işləri üzrə prorektor Üzeyir Zeynalov İşçi qrupunun üzvləri ilə görüşüb. Üzeyir Zeynalov, MDU-nun müasirləşmə yolunda olduğunu və universitetin Mingəçevir şəhəri və ətraf regionun sosial-iqtisadi inkişafında rolunun artırılmasının prioritetlərdən biri olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, universitetin regional ekosistemin gücləndirilməsi məqsədilə Mərkəzi Aran Regional Təhsil İdarəsi və tabeliyindəki təhsil müəssisələri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi vacibdir.
Üzeyir Zeynalov qeyd edib ki, əvvəlki illərin müsbət təcrübəsi bu əməkdaşlığın tədris, tədqiqat və inkişaf sahələrində faydalı nəticələr verəcəyinə ümid verir. Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova MDU ilə MARTİ arasında qurulan əlaqələr nəticəsində əldə edilən uğurlara diqqət yönəltdi.
Daha sonra İşçi qrupun üzvləri Fəaliyyət Planında nəzərdə tutulan məsələləri müzakirə ediblər.
Görüşün sonunda tərəflər, tədris və tədqiqat sahəsində birgə layihələrin və təşəbbüslərin həyata keçirilməsi məqsədilə əməkdaşlığın gücləndirilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıblar. Bildirilib ki, əməkdaşlıq regionda təhsil və elmin inkişafına yönəlmiş fəaliyyəti üçün yeni imkanlar açacaq və uğurlu universitet-məktəb modelinin qurulmasına imkan verəcək.