2025-ci il 16 dekabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də “Azərbaycanda elektrik enerjisi təchizatı və tələbatının balanslaşdırılması – istehsal, ötürmə və istehlakın optimallaşdırılması” mövzusunda seminar keçirilib.
Tədbir MDU və AzTU arasında Elektroenergetika Tədqiqat Klasterinin birgə yaradılması və fəaliyyəti haqqında 6 dekabr 2025-ci il tarixli Strateji Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirilib. Seminarın əsas məqsədi Azərbaycanın və regionun enerji potensialından səmərəli istifadənin təmin olunması, elektrik enerjisinin istehsalı və istehlakı arasında balansın qorunması, eləcə də akademik mühitlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi olub.
Seminarda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, MDU-nun rektoru Anar Eminov, Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, həmçinin “Azərenerji” ASC-nin, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin və “Mingəçevir Su Elektrik Stansiyası” MMC-nin nümayəndələri, eləcə də hər iki universitetin akademik və inzibati heyəti iştirak edib.
Seminara professor Vilayət Vəliyev moderatorluq edib. Tədbirdə “Azərenerji” ASC İdarə Heyəti sədrinin müşaviri Üzeyir Yusifov, “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin direktoru Təhməsib Hüseynov, “Mingəçevir Su Elektrik Stansiyası” MMC-nin direktoru Oqtay Pirverdiyev, AzTU-nun prorektoru Fəriz Məmmədov, Energetika fakültəsinin dekanı professor Hüseynqulu Quliyev və MDU müəllimi, eyni zamanda “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin əməkdaşı Qadir Məmmədli məruzələrlə çıxış ediblər.
Məruzələrdə elektrik enerjisi sistemində təklif və tələbatın balanslaşdırılması, istehsal güclərinin optimallaşdırılması, ötürücü şəbəkələrin rolu, bərpa olunan və ənənəvi enerji mənbələrinin inteqrasiyası, eləcə də universitet–sənaye əməkdaşlığının əhəmiyyəti kimi əsas məsələlər müzakirə olunub. Bildirilib ki, bu kimi birgə elmi-praktiki tədbirlər ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsi və insan kapitalının inkişafı baxımından mühüm töhfə verir.
Seminar sual-cavab sessiyaları, fikir mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrlə davam edib.
Qeyd olunub ki, Mingəçevir Dövlət Universitetinin “Energetika mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisaslarında təhsil alan tələbələri istehsalat təcrübələrini “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də keçirlər. Bununla yanaşı, praktiki dərslər stansiyanın istehsalat sahələrində və tədris mərkəzində təşkil olunur.