Mingəçevir Dövlət Universitetinin Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova tərəfindən Özbəkistanda kollec tələbələri üçün “Sahilyanı zonaların davamlı inkişaf planlaşdırılması” mövzusunda təlim keçirilib.
Təlimin əsas məqsədi sahilyanı ərazilərin ekoloji cəhətdən qorunması, resurslardan səmərəli istifadə və dayanıqlı planlaşdırma yanaşmalarının gənclərə aşılanması olub. Tədbir çərçivəsində iştirakçılara sahilyanı zonaların idarə olunmasında müasir yanaşmalar, risklərin azaldılması və ekosistemlərin qorunması istiqamətində ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan təlim zamanı tələbələr qrup tapşırıqları üzərində çalışaraq real vəziyyətlərə uyğun planlaşdırma modelləri hazırlayıblar. Bu çərçivədə sahilyanı ərazilərdə urbanizasiya, iqlim təsirləri, eroziya riskləri və ekoloji tarazlığın qorunması kimi məsələlər praktiki şəkildə müzakirə olunub.
Təlim iştirakçıların fəal iştirakı ilə yadda qalıb, tələbələr mövzu ətrafında fikir mübadiləsi apararaq əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin beynəlxalq təcrübə və bilik mübadiləsinə yönəlmiş bu kimi təşəbbüsləri gənclərin qlobal ekoloji çağırışlara uyğun bacarıqlarının inkişafına, praktik düşüncə tərzinin formalaşdırılmasına və dayanıqlı inkişaf prinsiplərinin təşviqinə xidmət edir.