Mingəçevir Dövlət Universitetində “Ailə təsərrüfatlarının inkişafı” mövzusunda təlim keçirilib

Mingəçevir Dövlət Universitetində “Ailə təsərrüfatlarının inkişafı” mövzusunda təlim təşkil olunub.

Dayanıqlı İnkişaf Məqsədləri (SDG) çərçivəsində keçirilən təlimin əsas məqsədi iştirakçıların ailə təsərrüfatlarının idarə olunması sahəsində nəzəri biliklərini artırmaqla yanaşı, praktik bacarıqlarını formalaşdırmaq olub.

Təlim zamanı iştirakçılar ailə təsərrüfatlarının idarə edilməsinin əsas prinsipləri ilə tanış olub, mövcud resurslardan daha səmərəli istifadə yollarını öyrənib və təsərrüfat fəaliyyətinin planlaşdırılması üzrə yeni yanaşmalar əldə ediblər.

Eyni zamanda, maliyyə savadlılığı, xərclərin düzgün hesablanması və gəlirlərin artırılması üçün alternativ fəaliyyət istiqamətləri kimi vacib mövzular izah olunub. Qeyd edilib ki, bu biliklər təsərrüfatların daha sistemli idarə olunmasına və risklərin daha düzgün qiymətləndirilməsinə imkan yaradır.

Təlim çərçivəsində bazar tələblərinin öyrənilməsi, məhsulların satış strategiyalarının qurulması və rəqabət qabiliyyətinin artırılması kimi məsələlər də geniş şəkildə müzakirə olunub.

Praktiki tapşırıqlar və real nümunələr əsasında keçirilən təlim iştirakçıların əldə etdikləri bilikləri tətbiq etmə bacarıqlarını inkişaf etdirib. Bununla yanaşı, təlim iştirakçılar arasında təcrübə mübadiləsinin genişlənməsinə və əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində bu kimi təlimlərin təşkili tələbələrin və dinləyicilərin praktik yönümlü bilik və bacarıqlarının artırılmasına, eləcə də dayanıqlı inkişaf prinsiplərinə uyğun fəaliyyətlərin təşviqinə xidmət edir.