Mingəçevir Dövlət Universitetində “İqlim liderliyi və gənclərin rolunun gücləndirilməsi” mövzusunda elmi-praktik seminar uğurla təşkil olunub. Tədbirdə müəllimlər, gənc tədqiqatçılar və tələbələr iştirak edərək dövrümüzün ən aktual qlobal problemlərindən biri olan iqlim dəyişikliklərini müzakirə ediblər.
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və bununla qlobal ekoloji problemlərin həllində milli birlik və məsuliyyətin əhəmiyyəti vurğulanıb.
Moderator giriş nitqində bildirib ki, iqlim dəyişiklikləri artıq uzaq gələcəyə aid təhlükə deyil, qlobal temperatur artımı, ekstremal hava hadisələri, su qıtlığı və biomüxtəlifliyin azalması ilə dünya ölkələrinə təsir göstərən real problemdir. O vurğulayıb ki, iqlim liderliyi yalnız hökumətlərin və beynəlxalq qurumların deyil, eyni zamanda cəmiyyətin, xüsusilə də innovativ düşüncəyə, yaradıcılığa və təşəbbüskarlığa malik gənclərin fəal iştirakını tələb edir.
Tədbir çərçivəsində bir sıra maraqlı təqdimatlar təqdim olunub:
Fizika və ekologiya kafedrasının müəllimi Fatimə Məmmədova “İqlim dəyişikliklərinə uyğunlaşmada gənclər üçün çağırışlar və imkanlar” mövzusunda çıxış edərək gənclərin iqlimə uyğunlaşma strategiyalarına necə fəal töhfə verə biləcəklərindən bəhs edib.
Xarici dillər kafedrasının müəllimi Mehriban Şıralıyeva “2050-ci ildə Yer necə görünə bilər?” mövzusunda təqdimatla çıxış edib, mümkün gələcək ssenariləri diqqətə çatdıraraq təcili iqlim fəaliyyətinin vacibliyini vurğulayıb.
Fizika və ekologiya kafedrasının II kurs magistrantı Nuray Mustafazadə “İqlim üçün ayağa qalx: gənclərin gücü” adlı təqdimatında gənclərin rəhbərlik etdiyi ekoloji təşəbbüslərin uğurlu nümunələrini nümayiş etdirib.
Fizika və ekologiya kafedrasının II kurs tələbəsi Əli Kərimov isə “Hələ də lazımınca qiymətləndirmədiyimiz iqlim böhranı” mövzusunda çıxış edərək diqqətdən kənarda qalan risklərə, həmçinin maarifləndirmə və təhsilin mühüm roluna diqqət çəkib.
Təqdimatlardan sonra iştirakçılar iqlim liderliyində gənclərin iştirakının gücləndirilməsi ilə bağlı fəal müzakirələr aparıb, fikir və təcrübələrini bölüşüblər.
Seminar bir daha Mingəçevir Dövlət Universitetinin ekoloji maarifləndirmənin təşviqi, akademik dialoqun inkişafı və gənclərin qlobal çağırışların həllində fəal iştirakının dəstəklənməsi istiqamətindəki öhdəliyini nümayiş etdirib.