24 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində magistrantların VII elmi-nəzəri konfransı keçirilib. Tədbirin məqsədi magistrantların elmi fəaliyyətini təşviq etmək, onların tədqiqat istiqamətlərini dəstəkləmək və gənc tədqiqatçılar arasında elmi müzakirə mühitini formalaşdırmaq olub.
Konfransda əvvəlcə Vətən uğrunda canlarını fəda edən şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edilib. Tədbir universitetin rektoru Anar Eminovun giriş sözü ilə başlayıb. Rektor konfransın əhəmiyyətindən və 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının təhsildə və elmdə yaratdığı çağırışlardan bəhs edib.
Konfransın təşkilati məsələləri barədə Magistratura və Doktorantura Təhsil Mərkəzinin müdiri Vəfa Məhərrəmova məlumat verib. Ardınca plenar iclasda müxtəlif ixtisaslar üzrə magistrantların təqdimatları dinlənilib. Bu təqdimatlarda aşağıdakı elmi məruzələr yer alıb:
Lamiyə Cavadov (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, II kurs) – “Suverenlik və dövlətçilik: Azərbaycan dili dərslərində milli dəyərlərin tədrisi yolları”
Fariz Əlizadə (MBA, I kurs) – “Müasir iqtisadi trendlərin və texnoloji innovasiyaların biznes modellərinə təsiri”
Aynur Rüstəmova (Ekologiya, I kurs) – “Mingəçevir su anbarının flora və bitkiliyi, onun müasir ekobioloji vəziyyəti”
Pənah Kərimov (Tarix müəllimliyi, II kurs) – “E.ə. I minillikdə Yaxın Şərqdə və Mannada dövlətçilik və hüquq”
Elnur Fərəcullayev (MBA – Biznesin idarə edilməsi, II kurs) – “Azərbaycanda turizmin hüquqi dövlət tənzimlənməsi və işğaldan azad edilmiş ərazilərdə turizmin bərpasının əhəmiyyəti”
Nuray Mustafazadə (Ekologiya mühəndisliyi, I kurs) – “The assessment of bioaccumulation”
Plenar iclasdan sonra konfrans bölmə iclasları ilə davam edib. Hər bir bölmədə magistrantlar müxtəlif sahələr üzrə elmi tədqiqatlarını təqdim edərək iştirakçılarla fikir mübadiləsi aparıblar.
Konfrans elmi axtarışlarda olan gənc tədqiqatçılar üçün mühüm bir platforma olmaqla yanaşı, onların akademik potensialının üzə çıxarılmasına da böyük töhfə verib. Bu cür tədbirlər gənc alimlərin öz ideyalarını inkişaf etdirmələrinə və elmi mühitə qatqı təmin etmələrinə imkan yaradır.