Mingəçevir Dövlət Universitetində narkomaniya əleyhinə maarifləndirici seminar keçirilib

2022-ci ilin 22 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 26 İyun –“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş “Mən öz gələcəyimi seçirəm” mövzusunda maarifləndirici seminar keçirilib.

MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən seminarda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniya əleyhinə tədbirlərin diqqət mərkəzində saxlanıldığını və bu məqsədlə maarifləndirmənin önəmini diqqətə çatdıran V.Mustafayev seminarın əhəmiyyətini vurğulayıb.

Sonra, seminarın proqramına uyğun olaraq MDU-nun hüquqşünası Elvin Abbasov “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar əməllərə görə gözlənilən məhrumiyyətlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə narkotik vasitələrdən istifadənin ağır fəsadları, narkomaniya və narkobiznesə qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib.

Məruzə ətrafında aparılan müzakirələrdən sonra “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olunub və narkomaniyaya qarşı məlumatlandırıcı bukletlər paylanılıb.

Qeyd edək ki, ölkəmizdə narkomaniya əleyhinə aparılan mübarizə tədbirlərinə töhfə vermək məqsədilə MDU-da gənclər arasında müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.